"Lukoyl" böyük çətinliklərlə üzləşir: İraq da ödəniş etməkdən imtina edib

"Lukoyl" böyük çətinliklərlə üzləşir: İraq da ödəniş etməkdən imtina edib

12:17
Bəyəndim (0) Bəyənmədim (0)

Reuters dörd məlumatlı mənbəyə istinadən xəbər verir ki, "Lukoyl", Qərb sanksiyalarının şirkətin fəaliyyətini çətinləşdirməsindən sonra İraqın Qərbi Qurna-2 neft yatağında fors-major vəziyyət elan edib.

Bu mənbələrə görə,"Lukoyl", İraq Neft Nazirliyinə rəsmi məktub göndərərək, fors-major vəziyyətinin şirkətin yataqda normal fəaliyyətini davam etdirməsinə mane olduğunu bildirib.

Agentliyin məlumatına görə, İraq "Lukoyl"a bütün nağd və neft ödənişlərini dayandırıb. Noyabr ayında Rusiya şirkətinə nağd ödənişlər üçün ayrılmış neft həcmi - təxminən 4 milyon barel - ləğv edilib. Neft Nazirliyinin sözçüsü bildirib ki, Qərbi Qurna yatağının işlənməsi üçün mexanizm və sanksiyasız şirkətlərə ödənişlərin edilməsi üsulunu təmin edən razılaşma əldə olunana qədər neft şirkətinin İraqdakı əməliyyatlardan əldə etdiyi pul vəsaitləri ABŞ sanksiyaları səbəbindən dondurulmuş qalır. O, əlavə edib ki, İraq sanksiyalı şirkətlərlə əməkdaşlıq edə bilməz.

Reuters xəbər verir ki, İraqın dövlət neft şirkəti SOMO ötən həftə sanksiyalar səbəbindən "Lukoyl" şirkətinin Qərbi Qurna-2-də hasil etdiyi üç neft tədarükünü ləğv edib. SOMO sanksiyaların əsasını təşkil edən məsələlər həll olunana qədər "Lukoyl" ilə neft təchizatı müqaviləsini yeniləyə bilməyəcək.

İraqın neft sənayesinin yüksək vəzifəli rəsmisi bildirib ki, əgər fors-major hallarının səbəbləri altı ay ərzində həll edilməzsə,"Lukoyl" hasilatı dayandıracaq və layihədən tamamilə çıxacaq.

Başqa bir İraq rəsmisi bildirib ki, "Lukoyl"şirkətinin fors-major hal bəyannaməsi müqavilənin şərtləri ilə dəstəklənir və şirkət müqavilə öhdəliklərini yerinə yetirmədiyinə görə cərimələrdən hüquqi müdafiə axtarır.

Başqa bir mənbə bildirib ki, bundan əlavə, "Lukoyl" Rusiya vətəndaşı olmayan bütün xarici işçilərlə müqavilələri ləğv edib. Bu o deməkdir ki, Qərbi Qurna-2 layihəsində yalnız Rusiya və İraq işçiləri qalıb.

Bloomberg və Interfax mənbələri fors-major hesabatını təsdiqləyir."Lukoyl" şərh sorğusuna cavab verməyib.

Xatırladaq ki, ABŞ Maliyyə Nazirliyi 15 oktyabrda"Lukoyl" şirkətini sanksiya siyahısına əlavə edərək, şirkətlə əməliyyatları 21 noyabr tarixinə qədər dayandırmaq üçün lisenziya verib.

Qərbi Qurna-2 yatağı "Lukoyl" tərəfindən 2010-cu ilin yanvar ayında imzalanmış xidmət müqaviləsi çərçivəsində işlənir. İraqın dövlətə məxsus "North Oil Company" layihədə 25% paya sahibdir. Müqavilənin müddəti 25 ildir. Layihədən ilk neft 2014-cü ilin mart ayında hasil edilib. Bu, dünyanın ən böyük yataqlarından biridir və ilkin çıxarıla bilən ehtiyatları təxminən 14 milyard bareldir. Layihədən neft hasilatının 2026-cı ilə qədər gündə 500.000 bareldən 800.000 barelə qədər artacağı gözlənilirdi.

Əziz Mustafa