Gürcüstan və Azərbaycan DİN arasında əməkdaşlıq haqqında saziş imzalandı (FOTO)

Gürcüstan və Azərbaycan DİN arasında əməkdaşlıq haqqında saziş imzalandı (FOTO)

16:13
Bəyəndim (2) Bəyənmədim (0)

Gürcüstan və Azərbaycan Respublikasının Daxili İşlər nazirlikləri arasında əməkdaşlığın gücləndirilməsinə dair yeni saziş imzalanıb.
Oxuməni.az “24News.ge”yə istinadla xəbər verir ki, sazişə Gürcüstanın daxili işlər naziri Geka Geladze və Azərbaycanın daxili işlər naziri Vilayət Eyvazov imza atıblar.
Yeni razılaşma iki ölkə arasında mövcud tərəfdaşlığın daha da inkişafına, xüsusilə də cinayətlərin qarşısının alınması, aşkar edilməsi və qarşısının kəsilməsi sahələrində əməkdaşlığın genişləndirilməsinə xidmət edəcək.
Sənəddə narkotik vasitələrin qanunsuz dövriyyəsi, kibercinayətkarlıq, insan alveri, qanunsuz miqrasiya və əmlak əleyhinə cinayətlər kimi prioritet istiqamətlər üzrə əməkdaşlıq nəzərdə tutulur.
Görüş çərçivəsində nazirlik nümayəndələri geniş tərkibdə ikitərəfli müzakirələr də aparıblar. Tərəflər sahəvi islahatlar, mövcud layihələr və polis əməkdaşlığı çərçivəsində informasiya və təcrübə mübadiləsinin əhəmiyyətini müzakirə ediblər.
Hər iki nazir mövcud səmərəli əməkdaşlığı yüksək qiymətləndirərək əlaqələrin daha da möhkəmləndirilməsinə hazır olduqlarını bildiriblər.

Almaz Həsənli