Azərbaycan və Keniya arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
Azərbaycanın Keniyadakı səfiri Sultan Hacıyev bu ölkənin Baş naziri, eyni zamanda, xarici və diaspor işləri naziri Musalia Mudavadi ilə görüşüb.
Səfirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə iki ölkə arasında münasibətlərin cari ildəki inkişaf dinamikasından razılıq ifadə edilib və il ərzində baş tutan yüksəksəviyyəli səfərlərin müxtəlif sahələrdə əməkdaşlığın gücləndirilməsinə mühüm töhfə olduğu vurğulanıb.
Baş nazir M.Mudavadi sentyabrın 23-də BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Prezident İlham Əliyev ilə Prezident Uilyam Samoei Ruto arasında keçirilən görüşün və liderlər arasında səmimi münasibətlərin iki ölkənin mənafeyinə xidmət etdiyini bildirib. O, Xarici İşlər nazirlikləri arasında keçirilən ilk siyasi məsləhətləşmələrin və xarici işlər naziri Ceyhun Bayramovun Keniyaya rəsmi səfərinin ikitərəfli əlaqələrdə mühüm mərhələ olduğunu vurğulayıb.
Mövcud əməkdaşlığın genişləndirilməsi üçün imkanlardan maksimum bəhrələnməyin vacibliyindən danışan səfir Sultan Hacıyev cari ildə enerji, texnologiya, məhkəmə-hüquq, parlamentlərarası əlaqələr, penitensiar xidmət və təhsil sahələrində əldə olunan nəticələri diqqətə çatdırıb. Deyib ki, Azərbaycanın “ADA” Universiteti ilə Keniyanın Xarici Xidmət Akademiyası arasında imzalanan Anlaşma Memorandumu iki ölkənin diplomatik orqanları arasında tərəfdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır.
Səfir həmsöhbətini, həmçinin 2026-cı il mayın 17-22-də Bakıda keçiriləcək WUF13-ün hazırlıq prosesi, təşəbbüslər, planlaşdırılan tədbirlər barədə məlumatlandırıb. Forum tarixində ilk dəfə dövlət və hökumət başçılarının iştirakı ilə Zirvə Görüşünün keçiriləcəyi xüsusi vurğulanıb. Qeyd olunub ki, şəhərsalma sahəsində qlobal lider kimi qəbul edilən Azərbaycan və Keniya dayanıqlı şəhərsalma və iqlim məsələlərində əməkdaşlığı gücləndirəcək, COP-la WUF platformaları arasında əlaqələrin genişləndirilməsi üçün WUF13 mühüm imkan yaradacaq.
Görüşdə “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı çərçivəsində keniyalı gənclərə verilən təqaüdlərin, Heydər Əliyev Fondunun və Azərbaycanın Beynəlxalq İnkişafa Yardım Agentliyinin Keniyadakı məktəb və xəstəxanalara göstərdiyi humanitar yardımların iki xalq arasında dostluq münasibətlərinin möhkəmlənməsinə əhəmiyyətli töhfə verdiyi bildirilib.
Oxuməni.az





































.jpg)
.jpg)
.jpg)















































