Macarıstan Prezidenti Azərbaycanın xarici işlər nazirini qəbul edib

Macarıstan Prezidenti Azərbaycanın xarici işlər nazirini qəbul edib

21:00
Bəyəndim (0) Bəyənmədim (0)

Dekabrın 11-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Macarıstana işgüzar səfəri çərçivəsində bu ölkənin Prezidenti Tamaş Şuyok tərəfindən qəbul olunub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a verilən məlumata görə, görüş zamanı Azərbaycan və Macarıstan arasında dostluq, qarşılıqlı hörmət və sıx əməkdaşlığa əsaslanan strateji tərəfdaşlığın inkişafı məmnunluqla qeyd edilib.

Yüksəksəviyyəli qarşılıqlı səfərlərin, daimi siyasi dialoqun, xalqlar arasında təmasların, ölkələrimiz arasında humanitar əlaqələrin vacibliyi vurğulanıb.

Bununla yanaşı, sentyabrın 5-də Macarıstanın paytaxtı Budapeşt şəhərində Azərbaycan və Macarıstan Hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın XI iclasının nəticələrinin münasibətlərin inkişafına əlavə təkan verdiyi bildirilib.

Görüşdə Macarıstanın xüsusilə enerji sahəsi olmaqla, ölkəmizdə 3-cü böyük investor olduğu qeyd edilib, bununla yanaşı, əczaçılıq və bir sıra digər istiqamətlərdə sərmayə planları nəzərdən keçirilib. Hava nəqliyyatı sahəsində əməkdaşlığın inkişafından məmnunluq qeyd edilib, yaşıl enerji, tranzit-kommunikasiya, təhsil təqaüdlərinin verilməsi və digər istiqamətlərdə işlərin əhəmiyyəti diqqətə çatdırılıb.

Bu və digər məsələlərin müfəssəl şəkildə 3-cü Azərbaycan-Macarıstan Strateji Dialoqu çərçivəsində müzakirə ediləcəyinə dair əminlik ifadə olunub.

Beynəlxalq platformalar - BMT, Türk Dövlətləri Təşkilatı, Avropa İnstitutları çərçivəsində qarşılıqlı etimada və dəstəyə əsaslanan əməkdaşlığın daha da gücləndirilməsinin əhəmiyyəti qeyd olunub.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər müzakirə olunub.

Oxuməni.az