BMT ilk dəfə Ümumdünya Türk Dilləri Gününü qeyd edəcək
Dekabrın 15-də beynəlxalq ictimaiyyət ilk dəfə Ümumdünya Türk Dilləri Gününü qeyd edəcək.
Onun təsis edilməsi barədə qərar noyabrda Səmərqənddə keçirilən UNESCO-nun Baş Konfransında qəbul edilib. Bu barədə BMT Xəbərləri məlumat yayıb.
Təşkilat vurğulayıb ki, bu, dil müxtəlifliyinin ümumi insan irsinin ayrılmaz hissəsi kimi tanınması istiqamətində mühüm addımdır.
Tarixin seçilməsi simvolik məna daşıyır. Məhz 15 dekabr 1983-cü ildə danimarkalı dilçi Vilhelm Tomsen Orxon abidələrinin – ən qədim yazılı mənbələrdən birinin uğurlu oxunması barədə elan edib.
VIII əsrdə qədim türklər tərəfindən müasir Monqolustan ərazisindəki Orxon vadisində yaradılmış bu abidələr 1889-cu ildə aşkar edilib. Tomsenin kəşfi bu gün Avrasiya boyunca onlarla icmanı birləşdirən dil ənənəsi haqqında unikal fikir əldə etməyə imkan verib.
UNESCO qeyd edir ki, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Türkmənistan və Özbəkistanı əhatə edən türk dilləri təxminən 12 milyon kvadrat kilometr ərazidə 200 milyondan çox insanın doğma dilidir.
Bu dillərdə zəngin yazılı və şifahi irs ondan çox dövləti əhatə edir, türk dünyasının müxtəlifliyini və mədəni dərinliyini nümayiş etdirir.
Ümumdünya Türk Dilləri Gününün təsis edilməsi təşəbbüsü Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistandan gəlib və 21 ölkə tərəfindən dəstəklənib.
Yeni bayramın məqsədi dilçilik tədqiqatları, təhsil və mədəni mübadilə sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi, eləcə də xalqlar arasında mədəni dialoqun və qarşılıqlı anlaşmanın təşviq edilməsidir.
2025-ci ildən etibarən Ümumdünya Türk Dilləri Günü çərçivəsində türk xalqlarının dil və mədəni irsinə həsr olunmuş sərgilər, mühazirələr, ictimai müzakirələr, ədəbi və şeir axşamlarının keçirilməsi planlaşdırılır.
UNESCO vurğulayır ki, bayram türk dillərinin qorunması və inkişafına yönəlmiş elmi tədqiqatlar və qlobal dialoq üçün stimul olacaq, həmçinin dil müxtəlifliyinin bütün bəşəriyyəti zənginləşdirən bir dəyər kimi tanınmasını gücləndirəcək.
Almaz Həsənli
































.jpg)
.jpg)
.jpg)

















































