20 Yanvar: Müstəqilliyin qanla yazılan dastanı
Azərbaycan tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisələrindən 36 il keçir. Bu qanlı hadisələr xalqımıza qarşı aparılan sistemli təzyiq və repressiya siyasətinin bariz nümunəsi olmaqla yanaşı, milli iradəni sındırmaq və cəmiyyətdə qorxu mühiti yaratmaq məqsədi daşıyırdı. XX əsr boyunca Azərbaycan xalqı bu cür planlı təzyiq və repressiyalarla dəfələrlə üzləşib. 20 Yanvar faciəsi də daxil olmaqla, Qarabağda separatizmin süni şəkildə qızışdırılması, azərbaycanlılara qarşı kütləvi qırğınların törədilməsi və onların Ermənistan ərazisindəki doğma yurdlarından didərgin salınması həmin siyasətin ardıcıl və məqsədli şəkildə həyata keçirildiyini açıq şəkildə göstərir.
20 Yanvar faciəsi Azərbaycan xalqının yaddaşında həm dərin hüzn, həm də milli qürur rəmzi kimi yer alıb. Qanlı Yanvar hadisələri xalqımızın müstəqillik uğrunda qəti və dönməz iradəsini nümayiş etdirdi. Şəhidlərin müqəddəs qanı ilə yazılan bu səhifə Azərbaycan xalqının azadlıq və istiqlal mübarizəsinin əbədi simvoluna çevrildi.

Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun göstərişi ilə keçmiş SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin hərbi birləşmələri 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıya və Azərbaycanın bir sıra rayonlarına yeridildi. Dinc əhaliyə qarşı həyata keçirilən silahlı hücum nəticəsində yüzlərlə günahsız insan qətlə yetirildi və yaralandı ki, bu da totalitar sovet rejiminin cinayətkar mahiyyətini bir daha beynəlxalq ictimaiyyətə nümayiş etdirdi. Sovet qoşunlarının Bakıya daxil olması xüsusi qəddarlıq və misilsiz vəhşiliklə müşayiət olunurdu. Hələ fövqəladə vəziyyət elan edilməmişdən əvvəl 82 dinc insan qətlə yetirilmiş, 20 nəfər ağır yaralanmışdı. Bu hadisələr rejimin xalqın azadlıq və müstəqillik uğrunda iradəsinə qarşı heç bir insani dəyərə məhəl qoymadığını açıq şəkildə göstərirdi.
Həmin gecə SSRİ rəhbərliyinin göstərişi ilə Azərbaycan xalqına nifrət ruhunda köklənmiş 65 min nəfərlik qoşun hissələri, xüsusilə ermənimənşəli əsgər və zabitlər heç bir xəbərdarlıq edilmədən beş istiqamətdən şəhərə girdilər. Tanklar və zirehli maşınlar qarşılarına çıxan avtomobilləri, insanları əzib keçir, fərqinə varmadan hər kəsi atəşə tuturdu. Yanvarın 20-də və sonrakı bir neçə gündə Bakıda, Neftçala və Lənkəranda 147 nəfər qətlə yetirildi, 744 nəfər yaralandı, 800-dən çox insan həbs olundu.


Faciənin miqyası ilə bağlı beynəlxalq hüquq-müdafiə təşkilatı “Şit” ekspertlərinin hesabatında belə qeyd edilirdi: “Adamları xüsusi qəddarlıqla və yaxın məsafədən güllələmişlər. Məsələn, Y.Meyeroviçə 21, D.Xanməmmədova 10-dan çox, R.Rüstəmova 23 güllə vurulmuşdu. Xəstəxanalar, “təcili yardım” maşınları atəşə tutulmuş, həkimlər öldürülmüşdü, adamlar süngü-bıçaqla qətlə yetirilmişdi. Onların arasında hər iki gözü tutulmuş B.Yefimtsev də var. “Kalaşnikov” avtomatının ağırlıq mərkəzi dəyişən 5,45 çaplı güllələrindən istifadə edilmişdir”.
Xalqımızın başına gətirilən həmin amansız faciənin bu gün minlərlə canlı şahidi var. İmperiya qoşunlarının Azərbaycanda törətdiyi hərbi cinayətin dəhşətli nəticələrini və eyni zamanda, xalqımızın sarsılmaz iradəsini əks etdirən ən mühüm sübutlardan biri fotoşəkillərdir. Qanlı Bakı gecəsini, günahsız insanların küçələrdə qalan cəsədlərini, şəhidlərin dəfn mərasimlərində yaranan izdihamı və digər hadisələri əks etdirən şəkillər o dövrün ağrı-acısını bir daha göz önünə gətirir. 20 Yanvar Azərbaycan tarixində həm faciə, həm də qəhrəmanlıq nümunəsi kimi əbədi olaraq qalır. Şəhidlərin dəfn mərasimindəki izdiham xalqımızın böyük kədərini göstərməklə yanaşı, onun milli həmrəyliyini və azadlıq uğrunda birləşmə gücünü göstərir. O dövrdə çəkilmiş fotolar həmin qürurverici anları bu gün də yaşadır. AZƏRTAC-ın arxivindən götürülmüş fotoşəkillərin bəzilərini təqdim edirik.



İllər keçdikcə Qanlı Yanvar hadisələrinə baxışlar da dəyişir. İlk vaxtlar yalnız ağlayıb-sızlayır, şəhid məzarlarına qərənfillər düzməklə təskinlik tapırdıqsa, indi ürəklər həm də sonsuz fərəh, qürur hissi ilə döyünür. Həmin qanlı günlər Azərbaycan xalqının tarixinə həm faciə, həm də qəhrəmanlıq, rəşadət səhifəsi kimi yazıldı. Ulu Öndər Heydər Əliyev vaxtilə 20 Yanvar hadisələri haqqında danışarkən deyirdi ki, o günlərdən nə qədər çox uzaqlaşsaq, həmin günlərin Azərbaycan xalqının tarixində necə mühüm yer tutduğunu bir o qədər dərk edəcəyik və bəlkə də gələcək nəsillər buna daha doğru, daha düzgün qiymət verəcəklər. Belə də oldu. Bu epoxal hadisə Azərbaycan milli kimliyinin formalaşmasına həlledici təsir göstərdi, dövlət müstəqilliyinin bərpa edilməsində dönüş nöqtəsi kimi qiymətləndirildi.
Bu gün şəhidlərimizin ruhu şaddır. Çünki onların fədakarlığı nəticəsiz qalmayıb. Otuz altı il əvvəl başlayan çətin və şərəfli yol xalqımızı 1991-ci il oktyabrın 18-də yenidən dövlət müstəqilliyinə çatdırdı. 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Qarabağ Zəfəri, eləcə də 2023-cü ilin sentyabrında həyata keçirilən uğurlu antiterror əməliyyatları nəticəsində ərazi bütövlüyümüz və suverenliyimiz tam təmin olundu. Bütün bu nailiyyətlər şəhidlərimizin canı və qanı ilə yazılmış qəhrəmanlıq dastanımızın parlaq davamıdır. Məhz buna görə də xalqımız 20 Yanvar faciəsinin 36-cı ildönümünü həm kədər, həm də qürur hissi ilə yad edir, başucalığı ilə xatırlayır.


Ötən illər ərzində Azərbaycan tanınmaz dərəcədə dəyişib. Zamanın sürətli axarında dəyişməz qalan yalnız xalqın şəhidlərə hörmət və ehtiramıdır.
20 Yanvar faciəsindən sonra Azərbaycan tam informasiya blokadasına salınmışdı. Bu informasiya blokadasını o vaxt Moskvada yaşayan Ulu Öndər Heydər Əliyev yardı. Faciənin səhəri günü - yanvarın 21-də Ümummilli Lider Heydər Əliyev ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək doğma xalqı ilə həmrəy olduğunu nümayiş etdirdi, SSRİ rəhbərliyinin törətdiyi bu qanlı əməliyyata kəskin etirazını bildirdi. Azərbaycanda baş vermiş hadisələrin hüquqa, demokratiyaya, humanizmə zidd olduğunu bildirərək bu qanlı cinayətə qarşı etiraz səsini ucaltdı. Ulu Öndərimizin 20 Yanvar hadisələri ilə bağlı bəyanatı nəticəsində dünya SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı bu dəhşətli, xüsusi amansızlıqla törətdiyi dövlət terrorundan xəbər tutdu.

1990-cı il noyabrın 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında Ümummilli Lider Heydər Əliyev 20 Yanvar faciəsini Azərbaycan xalqının suveren hüquqlarına qəsd kimi qiymətləndirərək demişdir: “Mən belə hesab edirəm ki, 19-20 yanvarda baş vermiş bu faciə həm Sovet İttifaqının siyasi rəhbərliyinin, şəxsən Qorbaçovun böyük günahının nəticəsidir, onun diktatorluq meyillərindən əmələ gəlmiş bir haldır və eyni zamanda, Azərbaycan rəhbərlərinin xalqa xəyanəti və cinayətinin nəticəsidir... Bu, Azərbaycan xalqına qarşı göstərilən hərbi təcavüzdür, təhqirdir, Azərbaycan xalqının qarşısında cinayətdir”. Noyabrın 21-də isə Naxçıvan Muxtar Respublikasının Ali Məclisində 20 Yanvar faciəsinə ilk dəfə siyasi-hüquqi qiymət verən sənəd qəbul edildi. Azərbaycan xalqının ümumi rəyini özündə təcəssüm etdirən bu qərar Ulu Öndər Heydər Əliyev qətiyyətinin təzahürü kimi tarixə düşdü.
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev 20 Yanvar şəhidlərinin fədakarlığını, Vətən qarşısındakı xidmətlərini belə dəyərləndirib: “Azadlıq, müstəqillik uğrunda, Vətən uğrunda özlərini qurban verən şəhidlərimizin hamısının xatirəsini həmişə qəlbimizdə yaşatmalıyıq. Hesab edirəm ki, bugünkü müstəqil, qüdrətli Azərbaycan xalqımızın ən böyük sərvətidir. Şəhidlərimizin, canlarını qurban vermiş insanların bu işdə böyük xidməti olubdur. Bu da heç vaxt yaddan çıxarılmamalıdır”.



20 Yanvar faciəsindən sonra Şəhidlər Xiyabanı xalqımızın müqəddəs ziyarətgahına çevrilib. Bakının yüksəkliyində yerləşən bu müqəddəs məkan həm ümummilli hüznün və kədərin, həm də xalqımızın mübariz ruhunun və dönməz iradəsinin simvoludur. İllər ötdükcə şəhidlərin xatirəsinə ehtiram daha da artır. Çünki məhz onların fədakarlığı sayəsində xalqımız azadlıq arzusuna çatıb. Qəhrəman şəhidlərimizin canı və qanı bahasına Qarabağımız işğaldan azad edilib. Bu gün Azərbaycanın Dövlət Bayrağı ölkəmizin hər guşəsində böyük qürurla dalğalanır. Biz buna görə rəşadətli Ordumuza, qəhrəman Azərbaycan əsgərinə və bütün şəhidlərimizə borcluyuq.
Oxumeni.az
























































































.jpg)

