“Qarabağın dağıdılmasında İranın əlinin olmasını heç kim inkar edə bilməz" - Sabir Rüstəmxanlı

“Qarabağın dağıdılmasında İranın əlinin olmasını heç kim inkar edə bilməz" - Sabir Rüstəmxanlı

12 Sentyabr 2021 13:42
Bəyəndim (1) Bəyənmədim (0)

İrana məxsus yük maşınlarının yenidən Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycan ərazilərinə qanunsuz keçməsilə bağlı yeni faktlar aşkarlanıb.

Yerli KİV-də yayılan məlumata görə, 11 avqustdan 10 sentyabradək müxtəlif məqsədlər üçün İranın 58 yük maşını, xüsusən yanacaq və sürtkü yağları daşıyan nəqliyyat vasitələri Xankəndinə daxil olub, onlardan 55-i daha sonra geri qayıdıb.

Oxuməni.az bildirir ki, bununla kifayətlənməyən iranlılar və ermənilər müxtəlif hiylələrə də əl atıblar. Belə ki, Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasına yaxınlaşanda, Xankəndinə gedən İran yük maşınlarının dəqiq sayını gizlətmək üçün avtomobillərə erməni qeydiyyat nömrələri qoyublar.

Rəsmi Bakı bu məsələ ilə bağlı mövqeyini rəsmi şəkildə avqustun 11-də İran İslam Respublikasının ölkəmizdəki səfiri Seyid Abbas Musəvi Azərbaycan Xarici İşlər Nazirliyinə dəvət etməklə bildirdi. Səfirə nota verildi və İran tərəfinin Azərbaycanla bağlı atdığı qanunsuz addımlardan ciddi narahatlıq ifadə olundu.

Amma görünür, İran Azərbaycanın etirazına məhəl qoymur.

Milli Məclisin deputatı Sabir Rüstəmxanlı məsələ ilə bağlı Modern.az-a açıqlamasında bildirib ki, Azərbaycan və Ermənistan arasında münaqişədə İran açıq şəkildə erməniləri müdafiə edib:

“İran bizə din qardaşı deyə-deyə daim Ermənistanın yanında olub, bununla bağlı bir çox faktlar var. Baxmayaraq ki, İranın rəsmiləri Azərbaycan təmsilçiləri ilə görüşəndə başqa mövqe sərgiləyir, ərazi bütövlüyünü dəstəklədiklərini deyirlər. Amma həqiqətdə belə deyil. Qarabağın dağıdılmasında İranın əlinin olmasını heç kim inkar edə bilməz. Ermənilər bizim bəzi mülkləri İrana satırdı. Ən ağır tərəfi İranın özünün də müsəlman ölkəsi olmasıdır. Müsəlman ölkəsi sayılan İranın gözü qabağında Azərbaycanın məscidləri dağıdılıb, təhqir edilib. Buna görə də İranın mövqeyi bəllidir, Xankəndinə yüklər daşıyırsa, biz buna təəccüblənməli deyilik.

Ruslar da bu məsələdə ikibaşlı olmalı deyil. Birmənalı şəkildə bura Azərbaycan ərazisidir, kimsə ərazimizə girirsə, mütləq bizdən icazə almalıdır. Sülhməramlılar sülh adı altında yeni quldur-terrorçu qruplaşdırması yaratmamalıdır”.