Erməni havadarları yenə bir-bir gəlirlər: Riyakar Minsk Qrupu fəaliyyətə başlayırmı?

Erməni havadarları yenə bir-bir gəlirlər: Riyakar Minsk Qrupu fəaliyyətə başlayırmı?

14 Sentyabr 2021 13:35
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanın 44 günlük müharibədə qələbəsi yalnız işğalçı Ermənistanın üzərində deyil, 27 il mənasız danışıqlar aparıb, işğalçıya dolayısı ilə haqq qazandırmağa çalışan Minsk Qrupunun da üzərində oldu.

Oxuməni.az xatırladır ki. ötən ilin dekabrında Bakıya gələn həmsədrlərin nümayəndələrinə dövlət başçısı mədəni şəkildə qapını göstərdi, çünki onlarlıq bir iş qalmayıb. Amma elə həmin gündən həmsədr ölkələrin rəsmiləri, Ermənistan indiyədək bu yarıtmaz qrupun fəaliyyətinin bərpasını və onun vasitəçiliyi ilə danışıqların başlanmasını tələb edirlər. Azərbaycanın sərt mövqeyi hələ ki, yalançı səfərlərinə xeyli pul silən, rahat maaş alan, erməninin tərəfini tutan bu Qrupun yenidən dövrəyə girməsinə imkan vermir. Buna baxmayaraq Azərbaycana dolayısı yolla təzyiqlər son günlər intensiv xarakter alıb. ABŞ-ın Ermənistandakı səfiri xanım Linn Treysi və səlahiyyətləri başa çatmış Fransanın İrəvandakı səfiri Conotan Lokattın Qarabağın statusu ilə bağlı verdikləri bəyanatlar və Minsk Qrupunun vasitəçliyi ilə yenidən danışıqlara başlamaq bəyanatları təsadüfən üst-üstə düşməyib. Bir neçə gün əvvəl Rusiyanı təmsil edən yeni həmsədr İqor Xovayevin Bakı və İrəvan səfərləri və hər iki ölkənin rəsmiləri ilə görüşlər keçirməsi yalnız tanışlıq missiyası sayıla bilməz. Dünən isə Fransalı həmsədr Stefan Viskontinin İrəvana səfərinin başlanmsı kəşfiyyat xarakterli ola bilər. Viskontinin Bakıya gəlib-gəlməyəcəyi barədə məlumat olmasa da, o rəsmi statusuna görə Minsk Qrupunun həmsədridir və gəlişi yalnız Qarabağla əlaqədar ola bilər.

Hələ bu ilin aprelin 13-də Minsk Qrupu həmsədrlərinin verdiyi bəyanat təsdiq etdi ki, həmsədrlər Azərbaycanın müharibədəki qələbəsindən sonra bölgədə yaranmış yeni situasiyanı qəbul etmək niyyətində deyillər və köhnə prinsiplər əsasında münaqişənin həll edilməsini istəyirlər. Bu köhnə Madrid prinsipləridir ki, artıq tarixin arxivinə qovuşub. Qrupun yeni təklifləri yoxdur. İrəvanda da Xarici işlər naziri Ararat Mirzoyanla görüş barədə məlumatdan aydın olur ki, tərəflərin mövqeyi üst-üstə düşür və bu Azərbaycanın maraqlarına uyğun gəlmir. Xəbərdə deyilir ki, tərəfər ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi prosesinin yenidən bərpa olunması zəruri hesab ediblər. Nazir Mirzoyan qeyd edib ki, münaqişənin həllini məlum prinsiplər əsasında görür.

Azərbaycan 10 noyabr bəyanatında göstərilən müddəaların bəzilərinin yerinə yetirilməsini tələb etmək siyasətinə başlamalıdır. Nə vaxt erməni silahlı birləşmələri Azərbaycanın Qarabağ bölgəsindən çıxar, qaçqınlarımız keçmiş Dağlıq Qarabağa qayıdar və azərbaycan dövlət strukturlarının fəaliyyəti bərpa olar, o zaman Minsk Qrupu ilə nəzakət xətrinə görüş keçirmək olar. İndi isə tək-tək gələn, sonra yenidən nəticəsiz danışıqlara başlayıb zamanı uzatmağa çalışan həmsədrlərə yenidən qapı göstərmək lazımdır. Onların yeni situasiyaya uyğun yeni təklifləri yoxdur.

Azərbaycan ərazi bütövlüyünü tam təmin etmək üçün artıq yeni siyasi addımlar atmalıdır. Əks halda ermənilərin tərəfində dayanan Minsk Qrupu həmsədrləri təzyiqlərini artıracaqdır.