Bakının İrəvana qarşı məcburetmə əməliyyatı başladı

Bakının İrəvana qarşı məcburetmə əməliyyatı başladı

14 Sentyabr 2021 16:23
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistanın xaricə çıxışı üçün iki əsas yol var. Lars yolu - Rusiya-Ermənistan tranziti və Gorus-Qafan yolu - İran-Ermənistan tranziti.

Qış fəslində Lars yolu keçilməz olur: TIR-lar günlərlə yolda qalır.

Oxuməni.az-ın verdiyi xəbərə görə, Ermənistanın Rusiya səfirliyindəki gömrük attaşesi Aram Tananyan bildirir ki, bu gündən başlayaraq, Lars yolunda növbələr yaranıb.

Qış fəsli yaxınlaşdıqca vəziyyət daha da mürəkkəbləşəcək: üzüm, mandarin kimi meyvə yüklərinin artacağı gözlənilir; bu məhsullar tez xarab olduğu üçün ünvana çatmaq uğrunda əsl mübarizə başlayacaq; beləliklə, Ermənistan-Rusiya arasındakı daşımalar tıxanacaq.

Lars yoluna alternativ marşrutun 2023-cü ildən tez başa çatması gözlənilmir.

Ermənistanın İrana çıxışı da faktiki Azərbaycanın nəzarətindədir. Gorus-Qafan yolunda baş verənlər, postun qurulması, aparılan yoxlamalar İrandan Ermənistana yük daşımasını ən yaxşı halda yubadır. Azərbaycan öz suveren ərazisindən keçən yolu istənilən vaxt bağlamaq haqqına sahibdir.

Əslində Azərbaycanın Gorus-Qafan yolunda strategiyasının daha uzaqmənzilli hədəfləri var: avqust ayında yol iki günlük bağlananda strateji hədəfin İrəvanı çətin vəziyyətə salmaq və Bakının tələbləri ilə razılaşmağa məcbur etmək olduğunu yazmışdıq.

Rusiya və İrana çıxışı risk altına düşən Ermənistan üçün xilas qərb istiqamətində - Türkiyəyə çıxışın təmin edilməsidir: Ankaradan İrəvana müsbət siqnalların gəlməsi, Paşinyanın “müsbət cavab verəcəyik” açıqlamaları baş verənlər fonunda təsadüfi deyil.

Beləliklə, Ermənistan üçün çətin qış gəlir. Belə qış həm də Xankəndidəki ermənilər üçün hazırlanır.

Ermənistan iqtisadiyyatının çətin vəziyyətə düşməsi Qarabağdakı ermənilər üçün də çətinlik yaradacaq: Rusiya və İrandan yük daşımalarında problemlərin yaranması çətinliyi həlledilməz vəziyyətə salır; Xankəndidə rabitə əlaqəsində, su təminatında, mənzil və iş məsələsində problemlər var; Şuşa stansiyasından verilən elektrik enerjisində problemlər yarana bilər və s.

Bütün bunlar Bakının İrəvana qarşı “məcburetmə əməliyyatının” tərkib hissəsidir.axar.az