Dünya Türk Dili Ailəsi Günü: ortaq dil, ortaq irs
Dekabrın 15-i Dünya Türk Dili Ailəsi Günüdür. Bu əlamətdar gün UNESCO-nun bu il noyabrın 3-də Özbəkistanın Səmərqənd şəhərində keçirilmiş 43-cü Baş Konfransında təsis edilib.
AZƏRTAC xəbər verir ki, bu tarix Orxon abidələrinin – bütün türk dillərinin ortaq köklərini və tarixi irsini əks etdirən ən qədim yazılı abidələrin oxunduğu günə təsadüf edir. 1893-cü il dekabrın 15-də danimarkalı dilçi Vilhelm Tomsen Orxon yazılı abidələrini deşifrə etdiyini elan edib. Onun bu elmi nailiyyəti hazırda Avrasiya məkanında türk dilləri ailəsinin ən qədim yazılı ənənələrindən birinin daha dərindən anlaşılmasına yol açıb.
Bu əlamətdar gün türk xalqlarının ortaq irsi kimi eyni ailədən olan dillərin qorunmasına və inkişafına, bu mədəni sərvətin gələcək nəsillərə ötürülməsinə töhfə verir.
Dünya Türk Dili Ailəsi Gününün qeyd olunması türk xalqlarının ortaq mənəvi köklərinin və dəyərlərinin beynəlxalq səviyyədə tanınmasının bariz göstəricisidir. UNESCO-nun müvafiq qərarı, eyni zamanda, türkologiyanın, türk kimliyinin dünyada artan nüfuzunun təsdiqidir.
Türk dilləri ailəsi yalnız dilçilik kateqoriyası deyil, həm də ortaq mədəni yaddaşın, tarixi irsin və mənəvi birliyin daşıyıcısıdır. Türk dillərinin müxtəlif qollarında - Oğuz, qıpçaq, qarluq və digər istiqamətlərdə qorunan qədim köklər bu dilləri danışan xalqlar arasında dərin mənəvi və düşüncə yaxınlığını formalaşdırıb.
Orxon-Yenisey abidələri, Mahmud Kaşğarinin “Divanü lüğat-it-türk” və Yusif Balasaqunluğu “Qutadqu Bilik” abidələri, eyni zamanda, bəşər mədəniyyətinin bir hissəsidir. Dünya Türk Dili Ailəsi Günü türk xalqlarının dünya elminə və mədəniyyətinə verdiyi töhfələrin beynəlxalq miqyasda təbliği baxımından da önəmlidir.
Qeyd edək ki, 2026-cı ildə Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyi qeyd olunacaq. Birinci Türkoloji Qurultay türk xalqlarının dil, mədəniyyət və elmi əməkdaşlıq tarixində mühüm mərhələ olmaqla, müasir türkologiyanın formalaşmasında fundamental rol oynayıb.
Oxuməni.az




































.jpg)
.jpg)
.jpg)























































