Oktyabrın 10-u görkəmli şərqşünas-alim, professor Aida İmanquliyevanın doğum günüdür

Oktyabrın 10-u görkəmli şərqşünas-alim, professor Aida İmanquliyevanın doğum günüdür

10:01
Bəyəndim (0) Bəyənmədim (0)

Oktyabrın 10-u Azərbaycanda ərəb ədəbiyyatşünaslığının təməlini qoymuş filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın doğum günüdür.

Aida xanım 1939-cu ildə Bakıda ziyalı ailəsində anadan olmuşdur. O, Bakı Dövlət Universiteti şərqşünaslıq fakültəsinin ərəbşünaslıq qrupunun ilk tələbələrindən biri idi. Moskvada Şərqşünaslıq İnstitutunun aspiranturasını bitirərək, “Qələmlər cəmiyyəti” və Mixail Nüaymənin yaradıcılığında onun rolu” mövzusunda namizədlik dissertasiyasını müdafiə etdikdən sonra ardıcıl çalışmaları, zəhmətkeşliyi sayəsində ölkəmizdə şərqşünaslıq məktəbinin görkəmli nümayəndələrindən birinə çevrilmişdir. Aida İmanquliyeva keçmiş SSRİ-də yeni ərəb ədəbiyyatı kursunun əsas yaradıcılarından biri olmuş, bu ədəbiyyatın ən ciddi tədqiqatçısı kimi tanınmışdır.

A.İmanquliyeva əmək fəaliyyətinə 1966-cı ildə o vaxtkı Azərbaycan EA-nın Şərqşünaslıq İnstitutunda kiçik elmi işçi kimi başlamışdır. 1976-cı ildən institutun yeni yaradılan ərəb filologiyası şöbəsinin müdiri işləmiş, ömrünün sonunadək onun rəhbəri olmuşdur. 1988-ci ildə institutun elmi işlər üzrə direktor müavini təyin olunmuşdur. Aida xanım 1989-cu ildə Tbilisidə doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmişdir. 1991-ci ildə Şərqşünaslıq İnstitutunun direktoru təyin olunmuşdur.

Azərbaycanda ilk qadın ərəbşünas olan Aida xanım həm də gözəl pedaqoq idi. İndiki BDU-da uzun müddət çalışmış Aida xanımın mühazirələrini keçmiş tələbələri bu gün də böyük hörmətlə xatırlayırlar.

Aida İmanquliyeva yeni və müasir ərəb ədəbiyyatının ən görkəmli, ən nüfuzlu tədqiqatçılarından biri sayılır. Onun ərəb məhcər ədəbiyyatına həsr olunmuş tədqiqatları Avropa şərqşünasları və ərəblərin özləri tərəfindən də yüksək qiymətləndirilir.

Aida xanım həm də keçmiş SSRİ-də, o cümlədən Azərbaycanda yeni ərəb ədəbiyyatı kursunun əsas yaradıcılarından biridir. Zəngin ərəb ədəbiyyatını araşdırıb sistemləşdirmək, ümumi tədqiqat məcrasına yönəltmək, onun səciyyəvi cəhətlərini müəyyənləşdirmək, görkəmli nümayəndələrinin həyat və yaradıcılığını öyrənmək dünya şərqşünaslığının qarşısında duran ən çətin və ümdə problemlərdəndir. Mübaliğəsiz demək olar ki, Aida İmanquliyeva bu sahədə böyük əmək sərf etmiş və belə bir çətin kursun yaradılmasına nail olmuşdur.

Aida xanım həm də gözəl insan idi. Tanrı ondan heç nəyi əsirgəməmişdi. Zahiri görünüş, ağıl, alicənablıq, nəciblik, özünə tələbkarlıq, ailəsinə tükənməz məhəbbət bu xanımın insani keyfiyyətlərini səciyyələndirən əsas cəhətlər idi. Aida xanımı tanıyanlar onu əsl ideal qadın obrazı kimi qəbul edir və daim ehtiram göstərirdilər. O, gördüyü işlər, etdiyi xeyirxahlıqlar barədə danışmağı sevməzdi, təvazökarlıq da onun bir gözəlliyi idi. Nəcibliyini əməlində göstərirdi.

Azərbaycanın mədəni və elmi ictimaiyyəti Aidə xanımın xatirəsini daim əziz tutur və onun istər parlaq həyat yoluna, istərsə də elmi yaradıcılığına böyük ehtiramla yanaşır.

Hamıda xoş təəssürat oyatmaq, hamının sevimlisi olmaq mümkün deyil. Ancaq Aida xanım bu sevgini qazana bilmişdi. Gördüyü işlərlə, xeyirxahlığı, nəcibliyi, böyük ürəyi ilə onu sevənlərin qəlbində özünə abidə qurmuşdur. Bu gün o, övladlarının, nəvələrinin ömründə, həyatını sərf etdiyi şərqşünaslıq elmində yaşayır.