Səfəvi İmperiyasının xəritəsi: Ərazisi 3,5 milyon kv.km idi

Səfəvi İmperiyasının xəritəsi: Ərazisi 3,5 milyon kv.km idi

13 Avqust 20:45
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanın dövlətçilik tarixində Səfəvilər özünəməxsus şərəfli bir iz buraxıblar və bunu tarixi faktlar da təsdiq edir. Bütün hallarda unutmaq olmaz ki, Səfəvi İmperiyasının yaranması bölgədə Osmanlı İmperiyasının yaradılmasından sonra orta əsrlər Türk dünyası tarixində ikinci böyük hadisə idi. Hər iki imperiyanı idarə edənlər də, quranlar da türklər idilər. Məhz bu baxımdan o dövrdəki tarixi faktlara bir daha diqqəti cəlb etmək üçün tarixçilər Nazim Xəlilov və Elnur Nəciyev “Azərbaycan Səfəvi dövləti (Şah İsmayıl dövrü: 1501-1524)” adlı xəritə paylaşıblar. Əslində bu xəritənin yenidən gündəmə gətirilməsi Səfəvi İmperiyasının möhtəşəmliyini bir daha göstərir. Xəritənin müəllifləri AMEA-nın müxbir üzvü Oqtay Əfəndiyev və tarix elmləri doktoru Tofiq Nəcəflidir. Bu xəritə “Azərbaycan tarixi atlası”na, “Azərbaycan Respublikasının Milli Atlası”na və “Azərbaycan tarixi xəritələrdə" atlasına daxil edilib. Burada görkəmli tarixçi alim Yaqub Mahmudovun böyük elmi əməyini də xüsusi qeyd etmək lazımdır. O, “Azərbaycan tarixi atlası”nın (Bakı, 2007) baş redaktoru, “Azərbaycan tarixi xəritələrdə" atlasının (Bakı, 2022) isə elmi redaktorudur.

“Xəritədən aydın görünür ki, 1514-cü il Çaldıran döyüşünə qədər Azərbaycan Səfəvi dövlətinin sərhədləri şimalda Dərbənd şəhərindən cənuba doğru - Fars körfəzinə, qərbdə - Fərat çayından, şərqdə Amudərya çayına kimi uzanırdı. Həmin dövrdə imperiyanın ərazisi 3,5 milyon kv.km idi.

1555-ci il Amasya sülhündən sonra Səfəvi İmperiyasının ərazisi 2,5 milyon kv.km, 1590-cı il İstanbul sülhündən sonra 1,5 milyon kv.km, 1639-cu il Qəsri-Şirin sülhündən sonra isə 2,85 milyon kv.km olub”, - deyə Nazim Xəlilov və Elnur Nəciyev bildiriblər.

Əziz MUSTAFA, Azərbaycan Jurnalistlər və Yazıçılar birliklərinin üzvü