Şəki müəllimləri beynəlxalq təcrübəyə doğru- Foto
Elm və Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə IX qrant müsabiqəsinin qalibi olan “Şəki müəllimləri ilə beynəlxalq təcrübəyə addım” layihəsi Azərbaycan təhsilinin inkişafına yönəlmiş mühüm və nümunəvi təşəbbüslərdən biridir. Layihənin rəhbəri Süleymanova Ümmünün yüksək təşkilatçılığı, uzaqgörənliyi və pedaqoji peşəkarlığı sayəsində seçilmiş müəllimlərdən ibarət nümayəndə heyəti 16–20 fevral tarixlərində qardaş ölkənin ürəyi sayılan İstanbul şəhərində təhsil səfərində olmuşdur.
Bu səfərin əsas məqsədi əvvəlcədən qurulan əməkdaşlıq çərçivəsində məktəblərdə olmaq, tədris prosesini izləmək, innovativ yanaşmaları öyrənmək, idarəetmə təcrübəsi ilə tanış olmaq və iki ölkə arasında pedaqoji fikir mübadiləsini daha da gücləndirmək idi. Beş gün davam edən bu səfər zəngin proqramı, səmimi görüşləri və yüksək peşəkarlıq mühiti ilə yadda qalmışdır.
Təhsil səfərinin ilk ünvanı Murat Kölük İlkokulu olmuşdur. Məktəbin müdiri Barış Ülgen Süleymanova Ümmünün rəhbərlik etdiyi azərbaycanlı müəllimləri böyük səmimiyyət və hörmətlə qarşılamışdır. Layihədən məsul müəllim Serpil Akkol isə dərs müşahidələrinin yüksək səviyyədə təşkili və müəllimlərlə görüşlərin koordinasiyasında yaxından iştirak etmişdir. Bu görüşdə Süleymanova Ümmünün peşəkar yanaşması, müəllimlərlə qurduğu səmimi ünsiyyət və müasir təhsil mövzularında apardığı müzakirələr hər kəsdə dərin təəssürat yaratmışdır. O, ilk gündən sübut etmişdir ki, sadəcə layihə rəhbəri deyil, müasir təhsilin inkişafına ürəkdən bağlı olan lider pedaqoqdur.
Növbəti dayanacaq Cahit Zarifoğlu İlkokulu olmuşdur. Burada interaktiv metodların tətbiqi, şagirdyönümlü təhsil, texnologiyanın dərslərdə rolu və müasir idarəetmə mexanizmləri geniş müzakirə olunmuşdur. Süleymanova Ümmü bu müzakirələr zamanı zəngin pedaqoji təcrübəsini bölüşərək Azərbaycan müəllimlərinin peşəkarlığını bir daha nümayiş etdirmişdir. O, həmkarları ilə birlikdə təhsilin gələcəyi ilə bağlı yeni ideyalar irəli sürmüş, gələcək əməkdaşlıq üçün möhkəm zəmin yaratmışdır.
Səfərin növbəti mərhələsi Kuleli Ortaokulu olmuşdur. Məktəbin müdiri Pınar Eroğlu nümayəndə heyətini böyük səmimiyyətlə qarşılamışdır. Açıq dərslərin izlənilməsi, müəllimlərlə fikir mübadiləsi və pedaqoji müzakirələr səfərin ən yaddaqalan məqamlarından biri olmuşdur. Süleymanova Ümmünün rəhbərliyi altında müəllimlər layihə əsaslı təlim modeli, əməkdaşlığa əsaslanan öyrənmə və şagirdlərin aktivliyinin artırılması yolları ilə yaxından tanış olmuşlar. Bu mərhələdə o, müəllimlərə yeniliklərə açıq olmağın və dəyişən təhsil mühitinə uyğunlaşmağın vacibliyini xüsusi vurğulamışdır.
Səfərin zirvə nöqtələrindən biri Yeşilköy Anadolu Lisesi olmuşdur. Məktəbin müdiri Adem Düzgün səfərin yüksək səviyyədə təşkilinə mühüm töhfə vermişdir. Onun təşəbbüsü ilə Kürşad Arzuoğlu ilə mühüm görüş keçirilmişdir. Bu görüşdə iki ölkənin təhsil sistemləri arasında oxşar və fərqli cəhətlər müzakirə olunmuş, gələcək əməkdaşlıq perspektivləri müəyyənləşdirilmişdir. Süleymanova Ümmünün analitik düşüncəsi, geniş dünyagörüşü və liderlik bacarıqları yüksək qiymətləndirilmişdir.
Səfər çərçivəsində nümayəndə heyəti Ahi Evren Kız Anadolu İmam Hatip Lisesi təhsil ocağında da olmuşdur. Məktəbin müdiri Rıfat Hasırcı və layihədən məsul müəllim Bilal Yıldızlı nümayəndə heyətini böyük diqqət və hörmətlə qarşılamışdır. Burada milli-mənəvi dəyərlərlə müasir təhsil modelinin vəhdəti Süleymanova Ümmünün xüsusi diqqətini cəlb etmiş, o, bu yanaşmanın gələcəkdə Azərbaycan məktəblərində tətbiqinin vacibliyini vurğulamışdır.
Səfərin növbəti ünvanı özəl təhsil müəssisəsi olan Orjinal Akademi olmuşdur. Məktəbin müdiri Coşkun Bostançı nümayəndə heyətini yüksək səviyyədə qonaqpərvərliklə qarşılamış, məktəbin tədris mühiti, innovativ yanaşmaları və fərqli təhsil modeli ilə yaxından tanış etmişdir. Bu görüş Azərbaycan və Türkiyə özəl təhsil müəssisələri arasında da əməkdaşlıq perspektivlərinin geniş olduğunu bir daha göstərmişdir.
Səfərin ən duyğulu və yadda qalan görüşlərindən biri isə İstanbulda fəaliyyət göstərən Hüseyn Cavid adına Azərbaycan məktəbində olmuşdur. Məktəbin müdiri Məmmədova Şəfiqə nümayəndə heyətini səmimi və qürurverici hisslərlə qarşılamışdır. O, bu məktəbi necə böyük çətinliklər, fədakarlıqlar və inamla qurduğunu, xaricdə yaşayan azərbaycanlı uşaqların ana dilində təhsil alması üçün apardığı mübarizəni dərin emosiyalarla danışmışdır. Bu görüş zamanı hiss olunan vətən sevgisi, milli ruh və ana dilinə bağlılıq hər kəsin qəlbini kövrəltmişdir. Bu anlar göstərmişdir ki, müəllim harada olursa-olsun, onun missiyası eyni qalır – milli kimliyi qorumaq, gələcək nəsillərə dəyərləri ötürmək və vətənə bağlı vətəndaş yetişdirmək.
Bu səfər sadəcə beynəlxalq təcrübə proqramı deyil, gələcək uğurların təməlini qoyan böyük bir təhsil hərəkatıdır. Bu uğurun arxasında dayanan əsas qüvvə isə Süleymanova Ümmüdür. Onun zəhməti, fədakarlığı, pedaqoji sevgisi və liderlik keyfiyyətləri sayəsində bu layihə yeni əməkdaşlıqların, yeni ideyaların və yeni inkişaf yollarının qapısını açmışdır.
Bu səfər bir daha sübut etdi ki, Süleymanova Ümmü kimi müəllimlərin fəaliyyəti Azərbaycan təhsilinin gələcəyinə ümid, güvən və işıq verir. O, bu layihə ilə təkcə Şəki müəllimlərini deyil, bütün Azərbaycan müəllimlərini beynəlxalq təcrübəyə doğru aparan bir yol açmışdır.
Bu gün İstanbulda qazanılan təcrübə sabah Azərbaycan məktəblərində yeni uğurlar, yeni nailiyyətlər və yeni zirvələr deməkdir. Bu uğurların mərkəzində isə bir ad dayanır – Süleymanova Ümmü!




Süleymanova Ümmü





























.jpg)

















.jpg)
.jpg)
.jpg)





.jpg)






















.jpg)
.jpg)
.jpg)














