Forbes: “Starlink” Azərbaycanla münaqişə vəziyyətində Ermənistanı internetlə təmin edəcək
Yaxın vaxtlarda Ermənistan İlon Maskdan “Starlink” peyk internetinə çıxış əldə edəcək.
“Forbes” yazır ki, İlon Maskın “SpaceX” şirkətindən Ermənistanda “Starlink” peyk rabitə sisteminin buraxılması Azərbaycanla münaqişələr zamanı ölkənin internetə qoşulmasını təmin edəcək.
Beş il əvvəl azərbaycanlı iş adamı Nəsib Həsənovun “NEQSOL” holdinqi Qara dənizin dibi ilə uzanan və regionu Avropa ilə birləşdirən 1200 kilometrlik Qafqaz kabel sisteminə sahib olan “Caucasus Online” şirkətini alıb. Bu, Ermənistan tərəfinin Bakının Ermənistanın rəqəmsal infrastrukturuna təsiri ilə bağlı narahatlığını artırıb və nəşr “Starlink”-in “bu dinamikanı poza biləcəyini” vurğulayır.
Qeyd edək ki, Ermənistanın Dövlət Xidmətlərini Tənzimləmə Komissiyası artıq “STARLINK AM MMC”-nin ictimai elektron rabitə şəbəkəsini idarə etmək üçün lisenziya və radiotezliklərdən istifadə icazəsi üçün müraciətlərini təsdiqləyib.
“Starlink”, planetin demək olar ki, hər yerində yüksək sürətli genişzolaqlı peyk İnternetinə daxil ola biləcək “SpaceX”-in qlobal süni peyklər sistemidir. Oktyabrın əvvəlində şirkətin təsisçisi İlon Mask bildirib ki, bu xidməti tezliklə Ermənistanda işə salmağa ümid edir.
Almaz Həsənli