Çinin dron çatdırılması xidməti xarici bazarlara daxil olur
Çinin onlayn xidmət provayderi “Meituan” bu yaxınlarda pilotsuz uçuş aparatlarından (PUA) istifadə etməklə həyata keçiriləcək ilk xaricdə çatdırılma xidmətinin istifadəyə verildiyini elan edib. Bu barədə “Sinxua” agentliyi xəbər verir.
“Meituan”, özünün dronlarla çatdırılma xidmətləri göstərən törəmə şirkəti “Keeta Drone”-nun Dubay Mülki Aviasiya İdarəsindən PUA-larını görmə qabiliyyətindən kənarda işləmək (BVLOS) üçün kommersiya lisenziyası aldığını və ərzaq, dərman və digər məhsulların sınaq üçün xüsusi olaraq təyin olunmuş ərazilərə zəruri təchizatının sürətli və səmərəli çatdırılmasını təmin etməyə başladığını açıqladı.
“Meituan” vitse-prezidenti və “Keeta Drone” prezidenti Mao İnyan bildirib ki, “Keeta Drone” öz PUA-larını, avtomatlaşdırılmış hava limanlarını və ağıllı dispetçer sistemini Dubaya gətirib və yüksək temperatur kimi yerli mühitlə bağlı problemlərin həlli üçün geniş adaptasiya və modifikasiya həyata keçirib.
Yerli hökumətlər istehlakı artırmaq üçün yeni imkanların inkişafını dəstəkləməyə çalışdıqca, dronlar və uçan avtomobillər vasitəsilə çatdırılma da daxil olmaqla, aşağı hündürlük iqtisadiyyatı son illərdə Çində inkişaf etdi.
2017-ci ildə “Meituan” “yer-hava-yer” sürətli çatdırılma yerli şəbəkəsinin yaradılmasını sürətləndirmək üçün İHA-nın çatdırılma imkanlarını araşdırmağa başladı və 2021-ci ildə Çinin cənubunda texnologiya mərkəzi olan Şençjendə ilk kommersiya çatdırılması xidmətini işə saldı.
2024-cü ilin dekabrına olan məlumata görə, “Keeta Drone” artıq Çinin böyük şəhərlərində 53 marşrut açıb və 400.000-dən çox çatdırılmanı tamamlayıb. Xidmət müştərilərə müxtəlif yerlərdə: ofislərdən, yaşayış məntəqələrindən, kitabxanalardan tutmuş Böyük Çin Səddi kimi turistik məkanlara qədər geniş çeşiddə məhsullar təklif edir.
Çin Mülki Aviasiya Administrasiyasının məlumatlarına görə, Çinin aşağı hündürlük iqtisadiyyatı 2023-cü ilin sonunda 500 milyard yuandan (təxminən 119 milyard manat-red.) çox qiymətləndirilib və 2030-cu ilə qədər 2 trilyon yuana yüksələcəyi gözlənilir.
Almaz Həsənli