Polşada Rusiya kəşfiyyatına işləməkdə şübhəli bilinən altı nəfər həbs edilib
Polşa Daxili Təhlükəsizlik Agentliyi (ABW) Rusiya kəşfiyyat xidmətləri adından fəaliyyət göstərən cinayətkar qrupda iştirak etməkdə şübhəli bilinən altı nəfəri saxlayıb.
Oxuməni.az xəbər verir ki, bu barədə Kəşfiyyat Xidmətlərinin nazir-koordinatoru Tomaş Siemonyak bildirib.
"ABW əməkdaşları Polşa Respublikasına qarşı fəaliyyət göstərən mütəşəkkil cinayətkar qrupda iştirak etməkdə şübhəli bilinən altı nəfəri saxlayıblar. Saxlanılanlar arasında 25-52 yaş arası beş polyak və 37 yaşlı rus qadını var. Onlardan dördü casusluq ittihamı ilə həbs edilib, qalan iki nəfərə isə həbs cəzası nəzərdə tutulmayan qabaqlayıcı tədbirlər tətbiq edilib", - Siemonyak sosial mediada yazıb.
"Toplanan dəlillər göstərir ki, saxlanılanlar Rusiya kəşfiyyat xidmətləri adından hərəkət ediblər. Onlar Rusiya Federasiyasının hərbi potensialını dəstəkləyən fəaliyyətlərə cəlb olunublar. İstintaqa görə, qrup qanunsuz olaraq Rusiyaya sursat və silah sistemlərinin istehsalında istifadə olunan xeyli miqdarda hərbi materiallar tədarük edib", - deyə o əlavə edib.
Əziz Mustafa




















































































