
Latviyada ruslara və belaruslara daşınmaz əmlak almaq qadağan edilir
Latviya Seymi Rusiya və Belarus vətəndaşlarına ölkədə daşınmaz əmlak almağı qadağan edən qanun layihəsini birinci oxunuşda dəstəkləyib. Bu barədə lvportals.lv məlumat yayıb.
Nəşr qeyd edir ki, bu qərar milli təhlükəsizliyi gücləndirəcək və dövlət maraqlarına mümkün təhlükələrin qarşısını alacaq.
Portal vurğulayır ki, qadağa Rusiya və ya Belarusda qeydiyyatdan keçmiş və ya yaradılmış hüquqi şəxslərə, habelə bu ölkələrin vətəndaşlarının səhmlərinin ən azı 25%-nə sahib olduğu və ya benefisiar sahibləri ruslar və ya belaruslar olan şirkətlərə şamil edilə bilər.
Qadağa bu qanun qüvvəyə mindikdən sonra bağlanan əqdlərə şamil ediləcək. Qanun qüvvəyə minməzdən əvvəl daha iki oxunuşdan keçməlidir.
Bundan əvvəl Latviyanın daxili işlər naziri Rihards Kozlovskis ölkə sakinlərini Rusiya və Belarusa səfərlərdən çəkinməyə çağırıb.
Latviya Daxili İşlər Nazirliyinin rəhbəri vəziyyətin pisləşəcəyi təqdirdə sərhədin bir neçə saat ərzində bağlana biləcəyini vurğulayıb.
Əziz Mustafa, Oxuməni.az