
Tramp Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyə hazırdır
ABŞ-ın maliyyə naziri Skott Bessent bildirib ki, prezident Donald Tramp Rusiyanı sülh danışıqlarına məcbur etmək üçün ona qarşı iqtisadi sanksiyaları mümkün qədər sərtləşdirməyə hazırdır.
Bu barədə The Times xəbər verir.
Bessent deyib ki, Tramp Rusiyaya əlavə təzyiq lazım olacağı təqdirdə ona ABŞ sanksiyalarını hazırlamağı tapşırıb.
O, Trampın sələfi Co Bayden administrasiyasının Moskvaya qarşı tətbiq etdiyi sanksiyaların yarıdan çoxunu saxladığını bəyan edib.
“Biz bu sanksiyaları qüvvədə saxladıq və prezident Tramp mənə lazım gələrsə, prezident Putini danışıqlar masasına oturtmaq üçün Rusiyaya qarşı Bayden tərəfindən tətbiq edilən sanksiyaların hamısını bərpa etməyi tapşırıb”, - Bessent deyib.
Eyni zamanda, maliyyə naziri qeyd edib ki, o, ABŞ prezidentinin əlavə sanksiyalar olmadan Kreml rəhbərini razı sala biləcəyinə nikbindir.
“Lakin bütün variantlar, o cümlədən lazım gələrsə, Rusiyaya qarşı maksimum enerji sanksiyaları da açıq qalır”, - Bessent əlavə edib.
Əziz Mustafa, Oxuməni.az