
Almaniya əks-kəşfiyyatı AfD-ni ekstremist partiya elan edib
Almaniya əks-kəşfiyyatı Almaniya üçün Alternativ (AfD) partiyasını sağçı ekstremist olaraq təyin edib. RİA Novosti bu barədə idarənin bəyanatına istinadən xəbər verir.
“Bu gündən etibarən Almaniya Federativ Respublikasının Konstitusiyasının Müdafiəsi üzrə Federal İdarəsi “Almaniya üçün Alternativ” partiyasını köklü ekstremist təşkilat kimi təsnif edir”, - deyə məlumatda bildirilir.
Əks-kəşfiyyat xidməti göstərib ki, “partiya ekstremist oriyentasiya və insan ləyaqətinə etinasızlıq ilə xarakterizə olunur”.
Konstitusiyanın Müdafiəsi üzrə Federal Bürosunun məlumatına görə, partiyada azad demokratik quruluşun fundamental prinsiplərinə zidd olan xalqın etnik konsepsiyası üstünlük təşkil edir. Xüsusilə qeyd olunur ki, “Almaniya üçün Alternativ” əsasən müsəlman ölkələrindən miqrasiya keçmişi olan insanları alman cəmiyyətinin tamhüquqlu üzvü kimi tanımır. Agentlik həmçinin partiya nümayəndələrinin mütəmadi olaraq miqrasiya əleyhinə ritorikasına və onların qaçqınlara qarşı ictimai təşviqatına da işarə edir.
AfD-nin köklü ekstremist təşkilat kimi təyin edilməsi onun fəaliyyətinə nəzarətin artırılması, o cümlədən müşahidə, telefon dinləmələri və məlumat verənlərin təqdim edilməsi üçün hüquqi imkanlar açır. Qərar partiyanın qadağan edilib-edilməməsi ilə bağlı siyasi müzakirələrə təkan verə bilər.
Aprelin 22-də AfD-nin reytinqinin 26%-lik tarixi maksimuma çatdığı və artmaqda davam etdiyi bildirildi. Ayın əvvəlində məlum olub ki, “Almaniya üçün Alternativ” öz tarixində ilk dəfə olaraq Almaniyanın siyasi partiyalarının reytinq cədvəlində Xristian Demokrat və Xristian Sosial Birlik blokunu yaxalayıb.
Əziz Mustafa, Oxuməni.az