
Paşinyan Azərbaycanla sülh naminə Ermənistan konstitusiyasına dəyişiklikləri ehtimal edir
Ermənistanın baş naziri vurğulayıb ki, “sülh bağlamaq fürsətini əldən vermək olmaz”.
Ermənistanın baş naziri Nikol Paşinyan Konstitusiya Məhkəməsinin Azərbaycanla sülh sazişini təsdiq etmədiyi təqdirdə ölkə Konstitusiyasına dəyişikliklər təşəbbüsü ilə çıxış etməyə hazır olduğunu açıqlayıb.
“TASS” xəbər verir ki, o, bu barədə mayın 26-da “Yerevan Dialogue” beynəlxalq forumunda bildirib və vurğulayıb ki, sülhün bağlanması fürsətini əldən verməyin yolverilməz hesab edir.
Paşinyan qeyd edib ki, sazişin mətni Ermənistan Konstitusiya Məhkəməsinə göndəriləcək. Ali məhkəmə orqanı razılaşmanın mövcud qanunvericiliyə uyğun olmadığını müəyyən edərsə, baş nazir konstitusiya islahatlarına şəxsən başlamaq niyyətindədir. Onun sözlərinə görə, bu, Bakı ilə münasibətlərin sülh yolu ilə nizamlanması üçün tarixi şansı reallaşdırmaq üçün lazımdır.
Almaz Həsənli