Amerika Birləşmiş Ştatları rəsmi olaraq ÜST-dən çıxdı

Amerika Birləşmiş Ştatları rəsmi olaraq ÜST-dən çıxdı

13:52
Bəyəndim (2) Bəyənmədim (0)

Amerika Birləşmiş Ştatları Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) rəsmi olaraq çıxıb və təxminən 260 milyon dollarlıq ödənilməmiş borc qalıb. Bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

Çıxış prosesi 22 yanvar 2026-cı ildə başa çatıb. ABŞ prezidenti Donald Tramp, vəzifəyə başladığı yanvar 2025-ci ildən dərhal sonra, digər səbəblərlə yanaşı, COVID-19 pandemiyasına cavab tədbirlərindəki iddia edilən səhvlərə görə təşkilatdan çıxmaq barədə sərəncam verib.

ABŞ Səhiyyə və Sosial Xidmətlər Nazirliyi bildirib ki, ÜST-ün təşəbbüslərinə bütün maliyyələşdirmə və kadr təminatı dayandırılıb: amerikalılar ÜST-ün bütün ofislərindən və qərargahından geri çağırılıb, ABŞ həmçinin təşkilatın rəhbər orqanlarında və işçi qruplarında iştirakını dayandırıb.

"Bloomberg" agentliyinin yazdığına görə, ABŞ təşkilata təxminən 260 milyon dollarlıq borcunu ödəməyib. 1948-ci il tarixli Konqres qətnaməsinə əsasən, təşkilatdan çıxmaq üçün ABŞ ona bir il əvvəl xəbərdarlıq etməli və bütün borclarını ödəməlidir. Səhiyyə və Sosial Xidmətlər Nazirliyinin yüksək rütbəli bir rəsmisi agentlik jurnalistlərinə bildirib ki, qanunda təşkilatdan çıxmazdan əvvəl borcu ödəmək tələbi yoxdur.

"Verilən vədlər yerinə yetirildi," - deyə Dövlət katibi Marko Rubio və Səhiyyə naziri Robert Kennedi-kiçikinin bəyanatında bildirilir. - "ÜST, amerikalıların həyatını xilas edə biləcək kritik məlumatların vaxtında və dəqiq mübadiləsinə mane oldu, sonra isə bu uğursuzluqları "ictimai səhiyyə maraqları" adı altında gizlətdi."

Qeyd olunur ki, ABŞ ölkələrlə və "səlahiyyətli səhiyyə müəssisələri" ilə işləməyə davam edəcək ki, "ən yaxşı təcrübələri mübadilə etsin, hazırlığı gücləndirsin və cəmiyyətlərimizi ÜST-ün şişirdilmiş və səmərəsiz bürokratiyası deyil, real nəticələr verən daha hədəfli, şəffaf və effektiv model vasitəsilə qorusun." Öz növbəsində ÜST, ABŞ-ın təşkilatdan çıxma qərarı ilə bağlı dərin təəssüfünü bildirmişdi. Amerika Birləşmiş Ştatları bu təşkilatın ən böyük donoru idi.

Almaz Həsənli