
İran yenidən İsrailə raket zərbələri endirib, Hayfada neft emalı zavodu yanır
İran yenidən ballistik raketlərlə İsrailə hücum edib. Ölkənin mərkəzi rayonları, xüsusən də Hayfa şəhəri, eləcə də Təl-Əviv və onun ətrafı zərbələrə məruz qalıb.
Bu barədə İsrail Müdafiə Qüvvələri, The Times of Israel, Sky News, Ynet, CNN xəbər verir. Qeyd olunur ki, hava hücumundan müdafiə qüvvələri Təl-Əviv səmasında raketləri vurub. Qüdsdə də hava hücumu sirenləri səslənib. Hücum zamanı bir neçə nəfər yüngül xəsarət alıb. Eniş yerlərində yanğınlar baş verib.
İsrailin mərkəzində İran raketləri iki yaşayış binasını vurub. İki nəfər orta, daha on nəfər isə yüngül xəsarət alıb.
Təl-Əvivdəki İçilov Tibb Mərkəzi xəbər verir ki, İranın son ballistik raket hücumundan sonra 4 nəfər xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti yüngül və orta ağırdır. Təl-Əvivin Buş Dan adlı məhəllələrindən birində yaşayış binasının vurulmasından sonra 20 yaralı təxliyə edilib.
İsrail Elektrik Korporasiyası bildirib ki, İranın zərbələri İsrailin mərkəzində yerli elektrik şəbəkəsinə ziyan vurub.
“Komandalar təhlükəsizlik təhlükələrini, xüsusən də zədələnmiş elektrik naqilləri səbəbindən elektrik cərəyanı vurma riskini aradan qaldırmaq üçün yerdə işləyirlər”, - deyə korporasiyadan bildirilib.
"İnfrastrukturun təmiri və enerji təchizatının bərpası istiqamətində eyni vaxtda işlər aparılır", - korporasiya əlavə edib.
Əziz Mustafa