
İran dolayısı ilə Trampı ölümlə hədələyib
İran dolayısı ilə ABŞ prezidenti Donald Trampı ölümlə hədələyib, eyni zamanda danışıqlara hazır olduğunu bildirib. İranlı Ayətullah Nasir Məkarim Şirazi bazar günü, iyunun 29-da dini şərhində qeyd edib ki, İslam normalarına görə, İranın ali dini lideri Əli Xameneiyə qarşı təhdidlər ölümlə cəzalandırılır. Oxuməni.az xəbər verir ki, bu barədə “Deutsche Welle” məlumat yayıb.
Daha əvvəl Tramp Xamneyinin “asan hədəf” olduğunu bildirsə də, əlavə edib: “Biz onu öldürmək fikrində deyilik, ən azı hələ yox”.
İranın ən nüfuzlu din xadimlərindən olan Ayətullah Məkarim Şirazi bir dindarın Trampla bağlı sualına belə cavab verib: “İslam hakimiyyətinə hücum edən və ya onun dini liderlərini təhdid edən, hətta onlara qarşı fəaliyyət göstərən fərdlər və ya rejimlər “mohareb” (Allahın düşmənləri/Allaha qarşı döyüşənlər) sayılırlar”. Ona görə də müsəlmanların bu “düşmənləri” hesaba çəkməyə borclu olduğunu vurğulayıb. Şirazi isə birbaşa Trampın adını çəkmədən yalnız İslam prinsiplərini izah edirdi.
Bu arada İranın xarici işlər nazirinin müavini Vaşinqtonun növbəti hücumlardan çəkinməsi şərti ilə ABŞ ilə nüvə proqramı ilə bağlı danışıqları bərpa etməyə hazır olduğunu bildirib. İran xarici işlər nazirinin müavini Məcid Taxt-Rəvançi deyib ki, ABŞ diplomatik danışıqları bərpa etmək istəyirsə, İrana qarşı növbəti hücumları istisna etməlidir. Onun sözlərinə görə, Tramp administrasiyası vasitəçilər vasitəsilə Tehrana danışıqlara qayıtmağa hazır olduğunu bildirib, lakin növbəti hücumlarla bağlı “çox vacib məsələ ilə bağlı dəqiq mövqe tutmayıb”.
Almaz Həsənli