
Həmas Qəzzada 60 günlük atəşkəslə razılaşıb
Fələstin HƏMAS təşkilatı vasitəçilərin - Misir və Qətərin Qəzza zolağında iki aylıq atəşkəs və əsir götürülən israilli girovların yarısının azad edilməsi təklifini qəbul edib. Bu barədə AFP hərəkat nümayəndələrinə, Reuters isə adı açıqlanmayan misirli məmura istinadən məlumat yayıb. İsrail tərəfi hələlik bu plana münasibət bildirməyib.
Son məlumatlara görə, HƏMAS-da 49 nəfər girov olaraq qalır. İsrail kəşfiyyatı onlardan 27-nin öldüyünə inanır. Fələstin İslami Cihaddan olan AFP mənbəsi bildirib ki, birinci mərhələdə on israilli girovun azad edilməsi, həmçinin bir neçə cəsədin təhvil verilməsi təklif edilir.
“Qalan məhbuslar ikinci mərhələdə azad ediləcək, ardınca beynəlxalq zəmanətlərlə müharibəni nəhayət bitirmək üçün daha geniş sövdələşmə üzrə dərhal danışıqlar aparılacaq”, - agentliyin mənbəsi bildirib. Bunun müqabilində İsrail fələstinli məhbusları azad edəcək, Reuters yazır.
Misirli mənbənin RİA Novosti agentliyinə verdiyi məlumata görə, saziş həm də Qəzza sakinlərini ehtiyac duyduqları hər şeylə təmin etmək üçün humanitar yardımın çatdırılmasını nəzərdə tutur.
Avqustun ortalarında HƏMAS-ı təmsil edən nümayəndə heyəti Misirə səfər edib və İsraillə danışıqları bərpa etməyə hazır olduğunu bəyan edib. KİV-in məlumatına görə, fələstinli yaraqlılar girovları azad etməklə yanaşı, İsrail ordusunu Qəzzadan əvvəlcədən müəyyən edilmiş mövqelərə çıxaracağı təqdirdə silahlı qanadının fəaliyyətini dondurmağa razılaşıb.
Əziz Mustafa