Avropa Ukrayna üçün 500 milyon dollar dəyərində ABŞ Patriot raketləri alacaq
Polşa, Norveç və Almaniya 500 milyon dollar dəyərində Patriot hava hücumundan müdafiə sistemi üçün ABŞ raketləri alacaq. Polşa xarici işlər naziri Radoslav Sikorski bunu NATO xarici işlər nazirlərinin Brüsseldə keçirilən görüşündən sonra açıqladı. Alınan raketlər daha sonra Ukraynaya göndəriləcək. Bu barədə TASS məlumat yayıb.
"Norveç və Almaniya ilə birlikdə Amerika silahlarının alınması və sonradan Ukraynaya göndərilməsi proqramında iştirakımızı elan etdik", - deyə cənab Sikorski Patriot batareyaları üçün raketlərdən danışdığını aydınlaşdıraraq bildirib.
O, üç ölkənin bu məqsədlər üçün birlikdə 500 milyon dollar ayıracağını dəqiqləşdirib. Polşa da öz növbəsində 100 milyon dollar töhfə verəcək. Satınalmalar PURL (Ukraynanın Prioritet Tələblər Siyahısı) mexanizmi vasitəsilə həyata keçiriləcək.
PURL Vaşinqton tərəfindən Avropa ölkələri ilə birgə hazırlanıb və avqust ayında istifadəyə verilib. Sazişdə ABŞ-ın Avropa müttəfiqlərinə silah satması və onların daha sonra onları Ukraynaya ötürməsi nəzərdə tutulur.
Polşalı nazirin sözlərinə görə, bu məqsədlər üçün vəsait ölkələrin Aİ müdafiə fonduna investisiyalar üçün ayırdığı pullardan əldə ediləcək. Macarıstan Ukraynaya vəsaitlərin köçürülməsini blokladığı üçün vəsaitlərin Amerika silahlarına yönləndirilməsi qərara alınıb.
Əziz MUSTAFA

















































































