Mübariz İbrahimovun qəhrəmancasına şəhid olmasından 16 il keçir
Bu gün Azərbaycanın Milli Qəhrəmanı, igid döyüşçü Mübariz İbrahimovun şəhid olmasından 16 il ötür. Onun adı qəhrəmanlıq, Vətən sevgisi və fədakarlıq anlayışları ilə ayrılmaz şəkildə bağlıdır. Mübariz İbrahimov sadəcə bir hərbi qulluqçu deyil, bütün bir nəsil üçün vətənpərvərliyin rəmzi oldu.
Oxuməni.az xəbər verir ki, Mübariz Ağakərim oğlu İbrahimov 7 fevral 1988-ci ildə Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. Uşaqlıqdan güclü xarakteri, məqsədyönlüliyi və ölkəsinə sədaqəti ilə seçilirdi. 2005-ci ildə Mübariz şəhid M. Piriyevin adını daşıyan Əliabad kənd orta məktəbini bitirib.
2006-cı ilin mart ayında Biləsuvar rayon Hərbi Komissarlığı tərəfindən Daxili Qoşunlara həqiqi hərbi xidmətə çağırılıb. 2007-ci il noyabrın 20-də qrup komandiri vəzifəsindən ehtiyata buraxılıb.
Lakin 2009-cu il sentyabrın 18-də Mübariz hərbi xidmətə qayıdıb, Azərbaycan Silahlı Qüvvələrinin Tədris-Təlim Mərkəzində gizir kursunu bitirib. Daha sonra o, motoatıcı batalyonun taqım komandirinin müavini kimi cəbhə xəttində xidməti borcunu layiqincə və igidliklə yerinə yetirib.
2010-cu il iyunun 19-na keçən gecə M.İbrahimov Çaylı kəndi yaxınlığında qeyri-bərabər döyüşdə çox sayda düşməni məhv edib, bir neçəsini yaralayıb, lakin özü də bu zaman qəhrəmancasına şəhid olub.
Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün müdafiəsi zamanı göstərdiyi müstəsna xidmətlərə və igidliyə görə Prezident İlham Əliyevin sərəncamı ilə ordunun giziri İbrahimov Mübariz Ağakərim oğluna "Azərbaycanın Milli Qəhrəmanı" adı (ölümündən sonra) verilib.
Onun şəhid olmasından 16 il keçir, lakin Mübariz İbrahimovun adı hələ də Azərbaycanın qəhrəmanlıq salnaməsində xüsusi yer tutur. O, tarixə təkcə bir döyüşün qəhrəmanı kimi deyil, həm də milli qürur və igidlik rəmzi olmuş bir insan kimi daxil olub.
Almaz Həsənli



































.jpg)
.jpg)
.jpg)



















































