Ağ Ev respublikaçıların seçkilərdə məğlubiyyət ehtimalına hazırlaşır
Ağ Evin hüquq şöbəsi, noyabr ayında keçiriləcək aralıq seçkilərdə demokratların qələbə ehtimalına hazırlaşmaq üçün administrasiyadakı respublikaçılara qapalı brifinqlər keçirir. Oxuməni.az xəbər verir ki, bu barədə "The Washington Post" mənbələrə istinadən xəbər verib.
Nəşrin həmsöhbətlərinin məlumatına görə, brifinqlər təxminən yarım saat davam edir. Bu brifinqlərdə rəsmilərə Konqresin nəzarət orqanlarının iş prinsipləri və onlarla qarşılıqlı əlaqənin ən yaxşı təcrübələri izah olunur. İşçilərdən yazışmalarda diqqətli olmaları və konqresmenlərin sorğularına operativ cavab vermələri tələb olunub.
WP ilə söhbətdə rəsmilərdən biri seçkilər nəticəsində respublikaçıların Konqresin ən azı bir palatasının nəzarətini itirməsinin çox ehtimal olunduğunu bildirib.
Nəşrin başqa bir mənbəyi əlavə edib ki, hüquq şöbəsi ilə belə məsləhətləşmələr Donald Trampın prezidentlik müddətinin başlanğıcından, yəni 2025-ci ildən bəri mütəmadi olaraq keçirilir. Lakin başqa bir həmsöhbətin sözlərinə görə, son aylar keçirilən brifinqlər qarşıdan gələn aralıq seçkilərinin "güclü alt mətninə" malikdir.
Aralıq seçkiləri bu il noyabrın 3-də ABŞ-da keçiriləcək. Bu seçkilərdə Konqresin Nümayəndələr Palatasının bütün 435 üzvü iki il müddətinə və 33 senator altı il müddətinə yenidən seçiləcək. Hazırda Nümayəndələr Palatasında respublikaçılar 435 yerdən 219-nu, Senatda isə 100 yerdən 53-nü tutur.
WP, ABC News və Ipsos-un birgə sorğusuna görə, qeydiyyatdan keçmiş seçicilər arasında demokratların 5% üstünlüyü var.
Almaz Həsənli













.jpg)
.jpg)
.jpg)




































































