Ukrayna Prezidentinin Ofisinin sabiq rəhbəri Andrey Yermakın pulların yuyulması işi üzrə həbs edilib
Ukraynanın Ali Antikorrupsiya Məhkəməsi, Kiyev yaxınlığında dəbdəbəli yaşayış binalarının tikintisi vasitəsilə pulların yuyulması işi üzrə Ukrayna Prezidentinin Ofisinin sabiq rəhbəri Andrey Yermak barəsində iki aylıq həbs qərarı çıxarıb. Ona 140 milyon qrivna (təxminən 3,2 milyon dollar) məbləğində girov qoyulub. Oxuməni.az xəbər verir ki, bu barədə BBC məlumat verib.
Girovun ödənilməsi halında Yermakdan Kiyevdən kənara çıxmamaq, xarici pasportlarını təhvil vermək, bu işdə adı keçən bir sıra şəxslərlə, o cümlədən Timur Mindiç, sabiq Baş nazirin müavini Aleksey Çernışov və falçı Veronika Anikeyeva ilə əlaqə saxlamaqdan çəkinmək tələb olunur.
"Mənim bu qədər pulum yoxdur", - deyə Yermak məhkəmədə bildirib. Eyni zamanda, o, "yeterincə dostu, tanışı" olduğunu və "onların kömək edə biləcəyinə" ümid etdiyini söyləyib.
"Fevralın 24-də, 2022-ci ildə, bir çoxlarının Kiyevin bir neçə saat, bir neçə gün ərzində düşəcəyini dediyi vaxt Kiyevdə, Prezident Ofisində qalan bir insan kimi... mən kifayət qədər güclü bir insanam", - deyə o, həbsxana kamerasında olma ehtimalı barədə şərh edərkən əlavə edib.
Yermak həmçinin bütün ittihamları rədd etdiyini təkrarlayıb.
Sabiq məmurun müdafiə tərəfi beş gün ərzində məhkəmə qərarından apellyasiya şikayəti verə bilər.
İlkin olaraq, prokurorluq Yermakın 180 milyon qrivna girovla həbs edilməsini istəyib.
Vəkil İqor Fomin məhkəmədən Yermakın girovla azad edilməsini və girov məbləğinin "qanunla nəzərdə tutulan çərçivədə, fövqəladə çərçivədə deyil" müəyyən edilməsini xahiş edib.
Mayın 11-də Ukraynanın antikorrupsiya orqanları Yermakın cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması maddəsi ilə şübhəli bilindiyini elan edib.
Yermak beş ildən çox Ukrayna Prezidentinin Ofisinin rəhbəri vəzifəsində çalışıb və Vladimir Zelenskinin ən yaxın silahdaşlarından biri hesab olunurdu.
O, ötən ilin noyabr ayının sonunda "Mindiçqeyt" - dövlət şirkəti "Energoatom" ətrafında baş verən genişmiqyaslı korrupsiya qalmaqalının pik həddində, Zelenskinin dostu və keçmiş biznes tərəfdaşı Timur Mindiçin mərkəzində olduğu bir vaxtda bu vəzifədən azad edilib.
Almaz Həsənli


















































.jpg)

.jpg)






























