Suriya Prezidenti atasının sözlərinə görə üzr istədi
Suriya Prezidenti Əhməd əş-Şəraanın atası Hüseyn əş-Şəraanın Deyr-əz-Zor əyalətinin sakinlərinə ünvanladığı ifadələr geniş ictimai rezonans və bölgədə etirazlara səbəb olub.
Oxuməni.az xəbər verir ki, hadisə barədə Ərəb dünyasının ən nüfuzlu media resurslarından biri olan Səudiyyə televiziya kanalı Al Hadath məlumat verib. Kanalın məlumatına görə, Əhməd əş-Şəraanın atası bölgə sakinlərini “barbarlar” adlandırıb. Bu sözlər dərhal narazılıq dalğası yaradıb.
Suriya KİV-lərinin məlumatına görə, Prezident Əhməd əş-Şəraa vəziyyətə müdaxilə edib və Deyr-əz-Zor qubernatoru Ziyad əl-Əyyəş vasitəsilə bölgə nümayəndələri ilə əlaqə saxlayıb.
Yayılan məlumata əsasən, dövlət başçısı atasının sözlərinə görə üzr istəyib və ölkənin birliyinin qorunmasının vacibliyini vurğulayıb.
“Sözləri atam məni Deyr-əz-Zor sakinlərindən əvvəl incitdi. Sizin hüquqlarınız qorunur. Deyr-əz-Zor sakinləri bizim dostlarımızdır. Atam adından üzr istəyirəm”, – Suriya KİV-ləri prezidentin sözlərini belə sitat gətirir.
Xüsusi diqqət Əhməd əş-Şəraanın istifadə etdiyi “Gəlin bunu saqqallarımızla silin” ifadəsinə yönəlib ki, bu, ərəb mədəniyyətində ənənəvi barışıq formulu kimi qəbul edilir və səhvin düzəldilməsinə hazır olmaq mənasını verir.
Suriya şərqində yerləşən Deyr-əz-Zor ölkənin neft ehtiyatları və coğrafi mövqeyi sayəsində strateji baxımdan önəmli bölgələrdən biri hesab olunur. Suriya münaqişəsi illərində əyalət müxtəlif silahlı qruplaşmalar arasında döyüş meydanına çevrilib.
Yerli mənbələrin məlumatına görə, son vaxtlar Suriya hakimiyyəti mərkəzi hökumət ilə yerli əhali arasında əlaqələrin gücləndirilməsi məqsədilə bölgənin qəbilə liderləri və ictimai xadimləri ilə əlaqələri fəallaşdırıb.
Almaz Həsənli


















































































