Norveç Fransanın nüvə çətirinə qoşulacaq
Norveç Fransanın nüvə çətirindən yararlanmaq istəyən ölkələr sırasına qoşulub. Oxuməni.az-ın “Reuters”-ə istinadən verdiyi məlumata görə, Norveçin Baş naziri Yonas Qar Störe bunu Parisə səfəri zamanı açıqlayıb.
O, Fransa Prezidenti Emmanuel Makronla müdafiə sahəsində əməkdaşlıq, o cümlədən hücum halında qarşılıqlı yardım bəndi barədə müqavilə imzalayıb.
Störe Norveçin NTB xəbər agentliyinə verdiyi şərhdə Oslonun qərarını Avropadakı təhlükəsizlik vəziyyəti ilə əlaqələndirib. O, Rusiyanın nüvə sahəsində də daxil olmaqla genişmiqyaslı yenidən silahlanmasını, eləcə də Rusiyanın Ukraynaya qarşı davam edən müharibəsini misal gətirib. Lakin Norveç Baş nazirinin sözlərinə görə, sülh dövründə Norveç ərazisində nüvə silahları yerləşdirilməyəcək.
2025-ci ilin mart ayında Emmanuel Makron Rusiyanın bütün Avropa üçün təhlükəyə çevrildiyini və Ukraynadakı müharibənin "qlobal münaqişəyə" çevrildiyini bildirib. Buna cavab olaraq Fransa prezidenti nüvə çətirini digər Avropa ölkələrinə də genişləndirməyi təklif edib.
Polşa, Litva, Niderland, Belçika, Danimarka və Almaniya kimi ölkələr Fransa təşəbbüsünə qoşulublar.
Xatırladaq ki, Böyük Britaniyanın 2020-ci ildə Aİ-dən çıxmasından sonra Fransa Avropa Birliyində yeganə nüvə gücü olaraq qalır. Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun məlumatına görə, Fransa dünyanın təxminən 12.200 nüvə başlığından 290-na malikdir və bu da onu Rusiya, ABŞ və Çindən sonra dördüncü ən böyük nüvə gücünə çevirir.
Almaz Həsənli



















































































