Macarıstan Ukraynanın Aİ-yə daxil olmasına qoyduğu vetonu ləğv etməyə hazır olduğunu açıqlayıb
Budapeşt Ukraynanın Avropa İttifaqına üzvlük müraciətinə qoyduğu iki illik vetosunu qaldırmağa hazır olduğunu bildirib. Bu addım Brüsseldə Ukraynada yaşayan macarların hüquqları məsələsi üzrə Ukrayna və Macarıstan ekspertlərinin görüşündən sonra məlum olub. Oxuməni.az xəbər verir ki, bu barədə “Euronews” məlumat yayıb.
Öncə Macarıstanın Baş naziri Kiyevlə Ukraynadakı 100 minlik macar milli azlığının dil, təhsil, mədəni və siyasi hüquqlarının genişləndirilməsi barədə "hərtərəfli razılıq" əldə olunduğunu bildirib.
Bu irəliləyiş, Avropa İttifaqına namizəd kimi bir blokda baxılan Ukrayna və Moldova üçün "Əsaslar" adlı ilk danışıqlar qrupunu rəsmən açmağa imkan verəcək. Bunun hazırlığına başlanıldığını Avropa İttifaqı Şurasına hazırda sədrliik edən Kipr elan edib. Bu barədə X platformasında yerləşdirilən paylaşımda bildirilir.
"Bu hadisə onların (Ukrayna və Moldova) Avropa inteqrasiyası yolunda mühüm bir mərhələni qeyd edir və Aİ-nin birliyinin və qətiyyətinin parlaq sübutudur. Önümüzdəki günlərdə biz bu qrup üzrə danışıqların rəsmən açılması məqsədilə Şuradakı müzakirələrin yekunlaşdırılması üçün məqsədyönlü şəkildə işləməyə davam edəcəyik," - deyə paylaşımda qeyd olunur.
Bu irəliləyiş, Macarıstandakı parlament seçkilərində Ukraynanın Aİ-yə inteqrasiyasını bloklayan sabiq Baş nazir Viktor Orbanın məğlubiyyətindən sonra mümkün olub.
Eyni zamanda, Macarıstanın yeni hökumətinin başçısı Peter Madyar, Budapeştin Ukraynanın Aİ-yə sürətləndirilmiş üzvlük prosedurunu dəstəkləmədiyini bir daha vurğulayıb.
Brüsseldəki diplomatlar, Aİ ölkələrinin 15 iyun tarixli hökumətlərarası konfransda Ukrayna və Moldova üçün ilk danışıqlar qrupunun açılmasını təsdiqləyəcəklərini düşünürlər.
Almaz Həsənli




















































































