Zelenski Vitkoff və Kuşnerlə telefonla danışıb
Ukrayna Prezidenti Volodimir Zelenski bazar ertəsi, iyunun 8-də Donald Trampın əsas nümayəndələri Stiv Vitkoff və Cared Kuşnerlə telefonla danışıb. Oxuməni.az xəbər verir ki, bu barədə "Axios"un müxbiri Barak Ravid məlumat verib.
Jurnalist X sosial şəbəkəsində yazıb: "Ukrayna Prezidenti Zelenski bazar ertəsi Trampın nümayəndələri Stiv Vitkoff və Cared Kuşnerlə telefonla danışıb, məlumatlı mənbənin bildirdiyinə görə".
Öz növbəsində, Prezident Zelenskinin kommunikasiyalar üzrə müşaviri Dmitri Litvin dövlət başçısının Trampın nümayəndələri ilə söhbətini təsdiqləyib.
Onun sözlərinə görə, söhbət Kişinevə texniki eniş zamanı aeroportda baş tutub.
Ukrayna Prezidenti ABŞ nümayəndələri ilə telefon söhbəti barədə X-dəki sosial şəbəkə hesabında yazıb.
"Bu gün Kişinev aeroportunda dayanarkən Amerika Birləşmiş Ştatları Prezidentinin nümayəndələri Stiv Vitkoff və Cared Kuşnerlə söhbət etdim. Çox pozitiv söhbət oldu. Bu həftələrdə Rusiyanın Ukraynaya qarşı müharibəsini bitirmək üçün diplomatiyaya təkan vermək məqsədilə mümkün qədər fəal işləməyə hazır olduqları üçün minnətdaram", - deyə o qeyd edib.
Dövlət başçısı əlavə edib ki, dünya ictimaiyyətinin diqqəti böyük ölçüdə İran ətrafındakı vəziyyətə yönəlib, "lakin bizim ümumi məqsədimiz - Avropada sülh - gündəmdə qalır".
"G7 sammiti və iyun ayındakı digər hadisələr kontekstində perspektivləri müzakirə etdik. Moskvada nəyin planlaşdırıldığı barədə mövcud məlumatlarımızla onları tanış etdim. Ukraynalılara hörmət ifadələri və Ukraynanın mövqelərinə müsbət qiymət üçün minnətdaram. Təşəkkürlər, Amerika! Təşəkkürlər, Moldova qonaqpərvərliyiniz üçün", - deyə Prezident Zelenski yekunlaşdırıb.
Almaz Həsənli


















































































