"Top Gear"ın keçmiş aparıcısı Ceremi Klarksona xərçəng diaqnozu qoyulub
Britaniyalı teleaparıcı, "Only Farmers" platformasının qurucusu Ceremi Klarkson xərçəng diaqnozu aldığını bildirib. 66 yaşlı jurnalist xəstəliyi haqqında "Klarksonun ferması" (Clarkson's Farm) verilişində danışıb. Oxuməni.az Sky News-un məlumatına istinadla xəbər verir ki, bir müddət əvvəl aparıcı sosial şəbəkədə pərəstişkarlarını xəbərdar edib ki, verilişin son epizodları "baxmaq üçün çətin olacaq".
Veriliş zamanı cənab Klarkson veriliş yoldaşlarına diaqnozunu açıqlayıb. O, xəstəlik haqqında may ayında məlumat aldığını qeyd edib. Xəstəlik haqqında ətraflı məlumat verməyib. Ceremi Klarkson xərçənginin formasını "agressiv" adlandırıb, lakin xəstəliyin erkən mərhələdə aşkarlandığını qeyd edib. Daha sonra verilişdə aparıcı xəstəxanada göstərilib və o, "müalicənin bəzi üsullarının uğursuz olduğunu" bildirib.
"Əgər bu uğurlu olarsa, altıncı mövsümdə görüşərik. Əgər olmasa, görüşmərik. Hələlik", - deyə Ceremi Klarkson bildirib.
İki il əvvəl teleaparıcıya ürək əməliyyatı olunub.
Ceremi Klarkson ən çox kult britaniya avtomobil verilişi "Top Gear"ın aparıcısı kimi tanınır (1988-2015-ci illər), onun layihə yoldaşları Riçard Hemmond və Ceyms Mey olub. Daha sonra o, "The Grand Tour" (2016–2024-cü illər) verilişini aparıb. 2021-ci ildə "Clarkson's Farm" sənədli serialını təqdim edib. Müxtəlif vaxtlarda "The Sun", "The Sunday Times" və digər nəşrlərdə köşə yazıları yazıb. Avtomobil mövzusunda bir neçə kitab yazıb.
Almaz Həsənli




















































































