Qətərdə bir fabrikdə partlayış baş verib

Qətərdə bir fabrikdə partlayış baş verib

11:18
Bəyəndim (1) Bəyənmədim (0)

Qlobal enerji mərkəzi kimi tanınan Qətərin Ras Laffan Sənaye Bölgəsindəki bir fabrikdə "texniki səbəb" səbəbindən güclü partlayış baş verib. Hadisə nəticəsində 54 nəfər yaralanıb, 18 nəfər itkin düşüb. Departamentdən verilən məlumata görə, partlayışa texniki nasazlıq səbəb olub, lakin hadisə yerində qaz sızması aşkar edilməyib.

Qətər Daxili İşlər Nazirliyinin açıqlamasında Dohanın şimalındakı Ras Laffan Sənaye Bölgəsindəki fabrikdə baş verən partlayışın "texniki səbəb" olduğu bildirilib.

Sənaye kompleksinin sahibi olan Qatar Energy şirkəti, istehsalın başlaması zamanı Barzan qaz paylama stansiyasında "partlayış və yanğınla nəticələnən hadisə"nin baş verdiyini təsdiqlədi. Yanğının qarşısını almaq üçün hadisə yerinə təcili yardım qrupları göndərilib və yanğını tez bir zamanda nəzarət altına alıb. Xilasedicilər hazırda itkin düşmüş şəxsləri axtarırlar. Ras Laffan Qətərin paytaxtı Dohadan təxminən 80 kilometr şimal-şərqdə yerləşir. Kompleksə 14 istehsal xətti, eləcə də bir neçə emal zavodu və LNG ixrac limanı daxildir. Sənaye klasteri dünyanın mayeləşdirilmiş təbii qaz təchizatının təxminən 20%-ni təşkil edir.

ABŞ və İsrail İrana qarşı müharibəyə başlayandan bəri Tehran Ras Laffana bir neçə dəfə hücum edib. İlk hücum 2 martda baş verib və QatarEnergy şirkətinin mayeləşdirilmiş təbii qaz (LNG) və əlaqəli məhsulların istehsalını dayandırmasına səbəb olub. 18-19 martda isə raket zərbələri endirilib və bu da müəssisəyə ciddi ziyan vurub. Ən azı iki istehsal xətti zədələnib və nəticədə Qətərin mayeləşdirilmiş təbii qaz ixracat gücü 17% azalıb. İranın zərbələri nəticəsində zavod son üç aydır ki, işləmir. İstehsalın tam bərpası bir neçə il çəkə bilər.
Əziz Mustafa