Ofis işinin zərərlərini neytrallaşdırmaq üçün gündəlik addımların sayı müəyyən edilib
Sidney Universitetindən beynəlxalq tədqiqat qrupu, ofis işi ilə məşğul olan insanlar üçün gündəlik addımların optimal sayını müəyyən edib. Məlum olub ki, gündə 9-10 min addım çox saatlıq oturmağın zərərlərini əhəmiyyətli dərəcədə kompensasiya edə bilər. Oxuməni.az xəbər verir ki, tədqiqat “British Journal of Sports Medicine” jurnalında dərc olunub.
Tədqiqatda Britaniyanın “UK Biobank” biobankından 72 174 könüllü iştirak edib. Orta hesabla 6,9 il ərzində onlar biləklərində akselerometr taxıblar. İştirakçılar "yüksək" (gündə 10,6 saatdan çox oturma) və "aşağı" oturma vaxtı əlamətinə görə qruplara ayrılıblar.
Gündə 9-10 min addım atan, lakin çox oturanlar arasında ürək-damar xəstəlikləri riski 21%, ölüm riski isə az gəzənlərlə müqayisədə 39% azalıb.
Bununla belə, gündə cəmi 4000-4500 addım mümkün qoruyucu təsirin 50%-ni təmin edir. Gündə 2200 addımdan çox hərəkət, oturma vaxtından asılı olmayaraq, ölüm və ürək xəstəlikləri riskini azaldıb.
Epidemioloq Metyu Əhmədi qeyd edib ki, "Gündə 9000-10000 addım atmaq, hərəkətsiz həyat tərzi keçirən insanlar üçün ölüm və ürək-damar xəstəliklərinin inkişafı riskini optimal şəkildə azaldır."
Almaz Həsənli




















































































