Aİ-nin diplomatik xidməti Avropa Komissiyası ilə münaqişə səbəbindən ləğv edilə bilər
Aİ diplomatiyasının rəhbəri Kaya Kallasın başçılıq etdiyi Avropa Xarici Fəaliyyət Xidməti (AXFX və ya EEAS) Avropa Komissiyası ilə uzun sürən münaqişə fonunda ləğv edilmə təhlükəsi ilə üzləşə bilər. Oxuməni.az xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.
Nəşrin məlumatına görə, AXFX daxili böhran vəziyyətindədir, Kallasın özü isə Avropa diplomatları tərəfindən davamlı tənqidlərə məruz qalır. Politico yazır ki, diplomatik xidmət getdikcə Ukrayna, İsrail, miqrasiya və Türkiyə ilə münasibətlərlə bağlı məsələləri öz üzərinə götürür, lakin maliyyə və siyasi imkanlar baxımından Avropa Komissiyasına uduzur.
Son üç ayda 10 hazırkı və keçmiş Aİ rəsmisi və diplomatı AXFX-dəki böhranı "aydın missiyadan məhrum və Komissiyanın daha böyük maliyyə resursları və siyasi gücü ilə rəqabət aparmaqda əsasən aciz" kimi təsvir ediblər.
Nəşr həmçinin qeyd edir ki, AXFX və Avropa Komissiyasının bir çox əməkdaşı Kaya Kallas və Ursula fon der Leyen arasında şəxsi rəqabətdən danışır. Bu fonunda xidmət maliyyələşmənin azaldılması ilə üzləşə bilər. Politico-nun məlumatına görə, AXFX-nin tərəfdarları var, lakin onların təsiri qurumun hazırkı statusunun qorunmasına zəmanət vermək üçün kifayət qədər güclü deyil.
İyunun 14-də Euronews portalı Brüsseldə Avropa İttifaqı rəhbərliyi arasında səlahiyyətlərin mümkün yenidən bölüşdürülməsi ətrafında gərginliyin artdığını bildirmişdi. Fransa hökuməti ilə əlaqəli qeyri-rəsmi sənədə görə, Aİ-nin xarici işlər üzrə ali nümayəndəsi Kaya Kallasın təsirini ciddi şəkildə azalda biləcək islahat variantları müzakirə olunur. Mənbələr bu təşəbbüsün arxasında fon der Leyenin dayandığını istisna etmirlər.
Almaz Həsənli




















.jpg)































































