İstanbulda Türkiyə Quru Qoşunlarının yaradılmasının ildönümü qeyd edilib

İstanbulda Türkiyə Quru Qoşunlarının yaradılmasının ildönümü qeyd edilib

15:18
Bəyəndim (1) Bəyənmədim (0)

İstanbulda Türkiyə Quru Qoşunlarının yaradılmasının 2235-ci ildönümü münasibətilə təntənəli mərasim keçirilib. Tədbir Maltepe rayonundakı 23-cü Komando Briqadasının komandanlığı ərazisində baş tutub. Bu barədə Oxuməni.az “Yeni Şafak” nəşrinə istinadla xəbər verir.

Mərasimdə 3-cü Ordu Korpusunun komandanı, general-leytenant Rasim Yıldız, Maltepe rayonunun başçısı Bəhri Tiryaki, şəhid hərbçilərin qohumları, veteranlar, hərbçilər və şəhər sakinləri iştirak ediblər.

Rəsmi hissə başlamazdan əvvəl qonaqlar Quru Qoşunlarının silah, hərbi texnika və müasir texnoloji yeniliklər sərgisi ilə tanış olublar. Ziyarətçilər üçün mövzulu guşələr də təşkil olunub, idman və təhsil müsabiqələrinin qaliblərinə mükafatlar təqdim edilib.

Mərasim bir dəqiqəlik sükutla və Türkiyə dövlət himninin ifası ilə başlayıb. Daha sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, Milli Müdafiə Naziri Yaşar Gülərin, Baş Qərargah rəisi, general Səlcuq Bayraktaroğlunun və Quru Qoşunlarının komandanı, general Mətin Tokəlin müraciətləri oxunub.

3-cü Ordu Korpusunun komandanı, general-leytenant Rasim Yıldız çıxışında bildirib ki, Türkiyə Quru Qoşunları öz çoxəsrlik tarixi boyu ölkənin müstəqilliyini qoruyub və təhlükəsizliyini təmin edib.

"Türkiyə Quru Qoşunlarının şanlı tarixində Müstəqillik Müharibəsi xüsusi yer tutur. Sakarya döyüşü ilə başlayan və Böyük Hücumla başa çatan mübarizə təkcə hərbi qələbə deyil, həm də Türkiyə Cümhuriyyətinin yaradılması yolunu açan tarixi bir hüdud oldu", - deyə Yıldız bildirib.

Onun sözlərinə görə, türk hərbçiləri təkcə Vətəni müdafiə edərkən deyil, həm də beynəlxalq sülhməramlı missiyalarda da igidlik göstəriblər. O, türk hərbçilərinin Koreya müharibəsində, Kipr əməliyyatında, eləcə də Türkiyə, Suriya və şimali İraq ərazilərindəki müasir antiterror əməliyyatlarındakı rolunu xatırladıb.

General, həmçinin Türkiyənin dost və müttəfiq dövlətlərlə hərbi əməkdaşlığının əhəmiyyətini vurğulayıb.

"Azərbaycanla hərbi əməkdaşlıq və birgə təlimlər "İki dövlət - bir millət" prinsipinin ən parlaq təzahürlərindən biridir", - deyə o qeyd edib.

Tədbir zamanı şəhid əsgərlərin xatirəsi dualarla yad edilib, ardınca xalq rəqs ansambllarının çıxışları, hərbi orkestr konserti və komando andı mərasimi keçirilib.

Mərasimdə çıxış edən şəhid əsgərin anası Elif Timur Onk bildirib ki, türk xalqı həmişə öz ölkəsini və silahlı qüvvələrini dəstəkləyəcək.

"Min canımız olsa belə, hamısını vətən üçün fəda edərdik", - deyə o bildirib.

Qonaqlar həmçinin qeyd ediblər ki, bu cür mərasimlər gənc nəslin türk ordusunun tarixi və adət-ənənələri ilə daha yaxından tanış olmasına kömək edir.

Almaz Həsənli