Almaniyada altı nəfərin ölümünə səbəb olan atışmanın 45 yaşlı türk əsilli şəxs tərəfindən törədildiyi məlum olub
Ştad şəhərində gənclər mərkəzinin yaxınlığında baş verən hücumun 45 yaşlı türk əsilli şübhəli tərəfindən törədildiyi və hadisənin uşaq qəyyumluğu mübahisəsi səbəbindən baş verdiyi məlum olub.
Bu barədə Oxuməni.az Almaniya mətbuatına istinadən məlumat yayıb
Almaniyanın Aşağı Saksoniya əyalətinin Ştad şəhərindəki gənclər mərkəzinin yaxınlığında baş verən silahlı hücumda ölənlərin sayı artıb. Lüneburq polis şöbəsi hücumda ölənlərin sayının altıya çatdığını bildirib və beş nəfərin - dörd qadın və bir kişinin - hadisə yerində, birinin isə aparıldığı xəstəxanada öldüyünü qeyd edib.
Lüneburq polis şöbəsi hücumda çoxsaylı xəsarətlər alan yaralıların bəzilərinin vəziyyətinin ağır olduğunu, buna görə də ölənlərin sayının arta biləcəyini qeyd edib. Polis saxlanılan şübhəlilərin sayının üçə çatdığını, onlardan ikisinin lüks avtomobillə hadisə yerindən qaçmağa cəhd etdiyini bildirib. Şübhəlilərdən birinin hücumçunun, digər ikisinin isə onun yaxın çevrəsinin üzvləri olduğu bildirilir.
Lüneburq rayon polis şöbəsinin polis sözçüsünün sözlərinə görə, hücumun gənclər mərkəzi ilə bağlı ailə problemi üzündən törədildiyi ehtimal olunur. Sözçü bildirib: "Hadisə qadının qətli və ya siyasi motivlə əlaqəli deyil. Zorakılığa gənclər müəssisəsində baş verən ailə faciəsi səbəb olub."
BBC Türkcəsinin məlumatına görə, saxlanılan türk əsilli 45 yaşlı şübhəli hücumu uşaq qəyyumluğu mübahisəsi üzündən törədib.
Polis sözçüsü Katrin Şull şübhəli ilə bağlı bildirib: "Mən onun Almaniyada anadan olmuş, Hannover bölgəsində yaşayan və türk əsilli 45 yaşlı bir kişi olduğunu təsdiqləyə bilərəm."
Əziz Mustafa






































.jpg)













































