Böyük Britaniya pilotsuz sistemlərin inkişafı üçün 5 milyard funt sterlinq ayıracaq
Böyük Britaniya hökuməti çərşənbə axşamı müdafiənin inkişafı üzrə yenilənmiş planını təqdim edəcək. Bu planda pilotsuz uçuş aparatları və digər muxtar sistemlər üçün 5 milyard funt sterlinq ayrılması nəzərdə tutulur. Oxuməni.az xəbər verir ki, bu barədə "Financial Times" nəşri məlumat yayıb.
Müdafiə üçün əlavə xərclərin ümumi həcmi təxminən 14,5 milyard funt sterlinq təşkil edəcək. Plan Müdafiə Nazirliyi və Maliyyə Nazirliyi arasında uzun danışıqlardan sonra razılaşdırılıb.
Yeni strategiyanın əsas prioritetlərindən biri Britaniyanın pilotsuz texnologiyalarının sürətli inkişafı, həmçinin süni intellekt və muxtar sistemlər sahəsində yerli layihələrin dəstəklənməsi olacaq.
Dronlara xüsusi diqqət müasir silahlı münaqişələrin, xüsusilə Ukraynadakı müharibənin təhlilinə bağlıdır. Britaniya hərbçilərinin qiymətləndirmələrinə görə, Ukrayna qüvvələri hər ay təxminən 200 min pilotsuz aparatdan istifadə edir ki, bu da döyüş əməliyyatlarının aparılmasına yanaşmaları əhəmiyyətli dərəcədə dəyişib.
Plana əsasən, Britaniya ordusu pilotsuz platformaları müxtəlif qoşun növlərinə daha fəal şəkildə inteqrasiya edəcək. Zərbəçi dronların "Apache" vertolyotları ilə birlikdə istifadə edilməsi, pilotsuz aparatlar əsasında radioelektron mübarizə vasitələrinin Kral Hərbi Hava Qüvvələrinin mənafeyi üçün istifadəsi, muxtar suüstü aparatlarının isə Kral Donanmasının əməliyyat qruplarının tərkibində istifadəsi nəzərdə tutulur.
Böyük Britaniyanın Müdafiə Naziri Den Carvis bildirib ki, pilotsuz texnologiyaların inkişafı müasir münaqişələrin xarakterindəki dəyişikliklərə zəruri cavabdır.
"Ukraynada və Yaxın Şərqdə pilotsuz sistemlər döyüş əməliyyatlarının gedişatını böyük ölçüdə müəyyən edir. Böyük Britaniyanın bu texnologiyalara indiyə qədərki ən böyük investisiyaları silahlı qüvvələrimizin potensial düşmənlər qarşısında üstünlüyünü qorumağa kömək edəcək", - nazir qeyd edib.
Daha əvvəl də Britaniya Müdafiə Nazirliyinin xüsusi təyinatlı bölmələrin modernləşdirilməsi üçün təxminən 500 milyon funt sterlinq ayırmağı planlaşdırdığı bildirilmişdi.
Almaz Həsənli




















































.jpg)































