ABŞ-da çinli milyarder 30 il həbs cəzasına məhkum edildi
Çinli iş adamı Qo Venquy ABŞ-da, digər ittihamlarla yanaşı, fırıldaqçılıq ittihamı ilə 30 il müddətinə azadlıqdan məhrum edilib. Nyu-Yorkda federal hakim hökmü bazar ertəsi elan edib.
Oxuməni.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Məhkəmə sənədlərinə əsasən, onun 889 milyon dollar dəyərində aktivləri də müsadirə edilməlidir.
Prokurorluğun məlumatına görə, Qo öz maliyyəçisi ilə birlikdə yüz minlərlə internet istifadəçisini "müxtəlif şirkətlərə və proqramlara yalan məlumatlar verərək investisiya etməyə" inandırıb. Nəticədə, hər ikisi yüz milyonlarla dolları mənimsəyib. Ümumi zərərin bir milyard dollardan çox olduğu təxmin edilir.
Digər məsələlərlə yanaşı, Qo Venquy özünü Çin Kommunist Partiyası ilə mübarizə aparan bir şəxs kimi təqdim edərək tərəfdarlar cəlb edib. O, bu zaman çoxsaylı saxta şəxsiyyətlərdən istifadə edib – prokurorluğun ittiham aktında Qo Venquyun adından başqa altı təxəllüs də qeyd olunur.
2024-cü ildə Nyu-Yorkda andlılar məhkəməsi Qonu müxtəlif növ fırıldaqçılıq, çirkli pulların yuyulması və hədə-qorxu ilə pul tələb etmə daxil olmaqla bir sıra maddələr üzrə təqsirli bilib. Prokurorluq onun üçün ən azı 30 il həbs cəzası tələb edirdi.
Öz vətənində Qo daşınmaz əmlak maqnatı və ölkənin ən varlı adamlarından biri idi, lakin 2014-cü ildə korrupsiya və israfçılıq ittihamlarından yayınmaq üçün Çindən qaçmışdı.
Almaz Həsənli



















































.jpg)
































