Özbəkistanın əhalisi təxminən 40 milyon nəfərə yaxınlaşıb

Özbəkistanın əhalisi təxminən 40 milyon nəfərə yaxınlaşıb

15:11
Bəyəndim (1) Bəyənmədim (0)

Müstəqil Özbəkistan tarixində ilk dəfə keçirilən əhali siyahıyaalmasının ilkin nəticələri ölkə əhalisinin sayının 39 milyondan çox olduğunu göstərib. Oxuməni.az xəbər verir ki, bu barədə Milli Statistika Komitəsinin sədri Behzod Xamroyev məlumat verib.

Milli Statistika Komitəsində bildirilib ki, mövcud rəsmi qiymətləndirmələrlə fərq normaldır və beynəlxalq təcrübəyə uyğundur.

2026-cı ilin yanvar-fevral aylarında keçirilmiş əhali və kənd təsərrüfatı siyahıyaalmasının ilkin məlumatlarına görə, Özbəkistanda 39 047 321 nəfər yaşayır. Halbuki 2026-cı il 1 yanvar tarixinə olan rəsmi statistikaya əsasən, əhali sayı 38 236 704 nəfər təşkil edirdi. Beləliklə, fərq 810 617 nəfər, yəni təxminən 2,1 faiz olub.

Behzod Xamroyev vurğulayıb ki, aşkar edilmiş fərq əhalinin süni şəkildə artırılması demək deyil. Onun sözlərinə görə, siyahıyaalma ölkədə müəyyən tarixdə faktiki yaşayan əhalini ən dolğun şəkildə əhatə etməyə imkan verən genişmiqyaslı statistik araşdırmadır.

Komitədə izah ediblər ki, mövcud əhali sayı qiymətləndirmələri doğum, ölüm və miqrasiya barədə inzibati məlumatlara əsaslanır. Eyni zamanda vətəndaşların daxili köçləri, yaşayış yerinin dəyişdirilməsi, digər regionlarda müvəqqəti yaşaması və inzibati məlumatların vaxtında yenilənməməsi faktiki əhali sayından fərqlərə səbəb ola bilər.

Siyahıyaalma zamanı ev təsərrüfatları, yaşayış yerləri və sakinlər barədə məlumatlar birbaşa yaşayış yerində toplanıb. Əhatənin tamlığı artırmaq üçün onlayn qeydiyyat, vahid identifikasiya sistemi, siyahıyaalma aparanlar üçün planşetlər və geolokasiya məlumatlarından istifadə olunub. Bundan əlavə, Özbəkistan ərazisində bir ildən çox yaşayan xarici vətəndaşlar da siyahıyaalmaya daxil edilib.

Milli Statistika Komitəsində qeyd edilib ki, mövcud qiymətləndirmələrlə siyahıyaalmanın nəticələri arasındakı belə fərqlər beynəlxalq təcrübədə adi haldır.

Qurumun məlumatına görə, Özbəkistanın 2,1 faiz göstəricisi beynəlxalq tendensiyalara uyğundur və siyahıyaalmanın ölkə əhalisi barədə məlumatların dəqiqləşdirilməsinə imkan verdiyini göstərir.

Almaz Həsənli