Ankarada Qırğızıstan və Türkiyə arasında təhlükəsizlik sahəsində əməkdaşlıq müzakirə olunub

Ankarada Qırğızıstan və Türkiyə arasında təhlükəsizlik sahəsində əməkdaşlıq müzakirə olunub

16:12
Bəyəndim (0) Bəyənmədim (0)

İyulun 6-da Ankara şəhərində (Türkiyə) Qırğızıstanın Türkiyədəki səfiri Ruslan Kazakbayev, Qırğızıstan Respublikası Daxili İşlər Nazirliyinin Türkiyədəki nümayəndəsi Manas Amanbayev və Türkiyə Daxili İşlər Nazirliyinin Baş Təhlükəsizlik İdarəsinin rəisi Əli Fidan arasında görüş keçirilib.

Oxuməni.az xəbər verir ki, bu barədə Qırğızıstan Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Tərəflər təhlükəsizlik sahəsində Qırğızıstan-Türkiyə əməkdaşlığı, iki ölkə vətəndaşlarının hüquq və qanuni mənafelərinin müdafiəsi, habelə hüquq-mühafizə orqanları arasında gələcək qarşılıqlı fəaliyyət məsələlərini müzakirə ediblər.

Kadr hazırlığına xüsusi diqqət yetirilib. Tərəflər Qırğızıstan Daxili İşlər Nazirliyinin əməkdaşlarının Türkiyədə təlim keçməsini davam etdirməyə və kibercinayətkarlıqla, ekstremizmlə, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə və ictimai asayişin təmin edilməsi üzrə birgə təhsil proqramlarını genişləndirməyə hazır olduqlarını təsdiqləyiblər.

Əziz MUSTAFA