Qətər Xarici İşlər Nazirliyi mayeləşdirilmiş təbii qaz tankerinə hücumla bağlı İran diplomatına etiraz notası təqdim edib

Qətər Xarici İşlər Nazirliyi mayeləşdirilmiş təbii qaz tankerinə hücumla bağlı İran diplomatına etiraz notası təqdim edib

14:11
Bəyəndim (0) Bəyənmədim (0)

Qətər Xarici İşlər Nazirliyi İranın Dohadakı səfirinin müavini Möhsün Məhəmməd Qanini nazirliyə çağırıb və ona Hörmüz boğazında Qətərin Əl-Rəkayyat mayeləşdirilmiş təbii qaz tankerinə hücumla bağlı etiraz notası təqdim edib. Oxməni.az-ın yaydığı məlumata görə, bu barədə Əmirlik Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib.

Sənəd İran diplomatına Qətər Xarici İşlər Nazirliyinin Protokol Departamentinin direktoru İbrahim bin Yusif Fəxro tərəfindən təqdim edilib.

Notada deyilir: "Qətər Dövləti Qətərin "Əl-Rəkayyat" tankerinin Hörmüz boğazından keçərkən ona edilən hücumu qətiyyətlə pisləyərək, bunun beynəlxalq naviqasiya təhlükəsizliyinin ciddi şəkildə pozulması, qlobal enerji təchizatına birbaşa təhdid və beynəlxalq hüququn açıq şəkildə pozulması olduğunu vurğulayıb".

Notada Doha Tehrandan regional sabitliyi təhdid edən hərəkətləri dərhal dayandırmasını, hadisə ilə bağlı təcili izahat verməsini və onun təkrarlanmasının qarşısını almaq üçün tədbirlər görməsini tələb edib. Bundan əlavə, Qətər tərəfi "öz maraqlarını qorumaq üçün beynəlxalq hüquqa uyğun olaraq bütün zəruri addımları atmaq" hüququnu özündə saxladığını vurğulayıb.

Daha əvvəl Reuters agentliyi mənbəyə istinadən bildirmişdi ki, Hörmüz boğazında gəmiyə hücumdan sonra mühərrik otağında baş verən yanğın səbəbindən mayeləşdirilmiş təbii qaz daşıyan Qətərin "Əl-Rəkayyat" tankeri partlayış təhlükəsi ilə üzləşib. Agentliyin məlumatına görə, gəmiyə ciddi ziyan dəyib və heyət təxliyə edilib. Reuters qeyd edir ki, 7 iyul gecəsi raket hücumu nəticəsində xam neft daşıyan Səudiyyə Ərəbistanının tankeri də zədələnib.

Əziz Mustafa