ABŞ senatoru Lindsi Qremin ölüm səbəbi açıqlanıb
ABŞ senatoru Lindsi Qremin qəfil ölümünə ilkin məlumatlara görə, aterosklerotik ürək-damar xəstəliyi fonunda baş verən aorta yırtılması səbəb olub. Oxuməni.az-ın "Associated Press"-ə istinadən verdiyi məlumata görə, bu barədə iyulun 12-si axşam saatlarında senatorun ofisi məlumat yayıb.
Məlumatda vurğulanır ki, ölüm haqqında şəhadətnamə toksikoloji və mikroskopik müayinələr aparıldıqdan sonra veriləcək.
Vaşinqton polisi və məhkəmə-tibb ekspertizası xidmətinin rəhbərləri birgə bəyanatla bu məlumatı təsdiqləyiblər. Onlar qeyd ediblər ki, toksikoloji və mikroskopik müayinələrin aparılması belə hallarda standart prosedurdur.
Qremin 71 yaşı var idi. O, iyulun 11-i axşam saatlarında, Ukraynaya səfərindən qayıtdıqdan qısa müddət sonra Vaşinqtonda vəfat edib. Ölümü ilə bağlı yayılan məlumatda onun "qısamüddətli və qəfil xəstəlikdən" sonra dünyasını dəyişdiyi bildirilirdi. Daha sonra məlum olub ki, senator sinəsindəki ağrılardan şikayət etdikdən sonra evinə təcili yardım çağırılıb.
ABŞ Prezidenti Donald Tramp jurnalistlərə bildirib ki, Qrem özünü pis hiss etməzdən bir qədər əvvəl onunla telefonla danışıb. Onun sözlərinə görə, onlar siyasi məsələləri, o cümlədən Qremin Ukraynaya səfərini müzakirə ediblər; senatorun səsində yorğunluq hiss olunsa da, o, səhhətindən şikayətlənməyib.
Lindsi Qrem tanınmış respublikaçı senator, Prezident Donald Trampın tərəfdarı, Rusiya və İran hakimiyyətinin tənqidçisi, ABŞ-ın gücə əsaslanan fəal xarici siyasətinin tərəfdarı idi. O, Ukrayna və İsraili dəstəkləyirdi.
Aorta yırtılması – birbaşa ürəkdən çıxan mərkəzi arteriya olan aortanın daxili qişasının cırılmasıdır. Bu vəziyyət həyat üçün təhlükəlidir və əksər hallarda, hətta müalicəyə baxmayaraq, ölümlə nəticələnir.
Almaz Həsənli


















































































