Çinli alimlər Ayda enerjini naqilsiz ötürmək istəyirlər

Çinli alimlər Ayda enerjini naqilsiz ötürmək istəyirlər

14:33
Bəyəndim (2) Bəyənmədim (0)

Çinli alimlər Ayın naqilsiz enerji ötürülməsinin praktikada tətbiq olunacağı ilk yer ola biləcəyinə dair fərziyyə irəli sürüblər. Konsept Ayın cənub qütbünə fokuslanıb – bu regionda kraterlərin hündür kənarları demək olar ki, fasiləsiz günəş işığı alır, daimi kölgədə qalan digər kraterlər isə qaranlıqda qalır və ehtimal ki, əhəmiyyətli dərəcədə su buzu ehtiyatlarına malikdir. Oxuməni.az xəbər verir ki, bu barədə "Interesting Engineering" nəşri yazır.

Nəşrdə izah edilir: "Uzun elektrik ötürücü kabellərə arxalanmaq və ya ağır akkumulyator sistemləri daşımaq əvəzinə, bu qaranlıq kraterlərin daxilində işləyən Ay roverləri enerjini yuxarıdakı günəşli zirvələrdə quraşdırılmış günəş elektrik stansiyalarından ötürülən lazer şüaları vasitəsilə alacaqlar".

Harbin Texnologiya İnstitutunun alimləri hesab edirlər ki, bu yanaşma Ayın ən mürəkkəb və elmi cəhətdən dəyərli mühitlərində tədqiqat missiyalarını enerji ilə təmin etmək üçün daha effektiv üsul ola bilər.

Aparılan araşdırmaya görə, lazer ötürücü stansiyaların təxminən 100 metr yerini dəyişmək şəbəkənin effektiv əhatə dairəsini 35%-dən çox artırıb və eyni zamanda elektrik enerjisi alan zonaların demək olar ki, tam əlaqəsini təmin edib.

"Interesting Engineering" dəqiqləşdirir ki, bu təklif Çin və ABŞ-ın Ayda insanların uzunmüddətli mövcudluğunu və elmi ekspedisiyaları təmin etmək üçün səylərini gücləndirdiyi bir vaxtda irəli sürülüb. Ayın cənub qütbü həm NASA-nın "Artemida" proqramı, həm də Çinin "Çanye" missiyaları üçün əsas təyinat nöqtəsinə çevrilir.

Bu region xüsusilə cəlbedici hesab olunur, çünki onun hündür silsilələri uzun müddət günəş işığı alır, daimi kölgədə qalan kraterlərdə isə su buzunun olduğu güman edilir. Bu da həmin ərazini elmi tədqiqatlar, yerli resurslardan istifadə və gələcək Ay bazalarının tikintisi üçün əsas məkana çevirir.

Almaz Həsənli