Rubio BCM-ni ABŞ-a qarşı müharibə aparmaqda ittiham edib
ABŞ dövlət katibi Marko Rubio Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) fəaliyyətini məhdudlaşdırmaq üçün bir sıra tədbirlər elan edib.
Oxuməni.az xəbər verir ki, ABŞ Dövlət Departamentinin saytında dərc olunan məlumatda deyilir: "Bu gün ABŞ dövlət katibi Marko Rubio Beynəlxalq Cinayət Məhkəməsinin ABŞ-ın suverenliyi üçün yaratdığı təhlükəni aradan qaldırmaq məqsədilə genişmiqyaslı kampaniyaya başlandığını elan edib".
Görüləcək mümkün tədbirlər arasında ABŞ BCM-ni dəstəkləyən ölkələrə diplomatik təzyiq göstərməyi, onları məhkəmədən çıxmağa və ya məhkəmənin amerikalılara münasibətdə səlahiyyətlərini tanımamağa çağırmağı nəzərdən keçirir.
Birləşmiş Ştatlar, həmçinin Vaşinqtondan yardım alan dövlətlərə nəzarəti gücləndirmək, BCM əməkdaşlarına və onunla əlaqəli təşkilatlara qarşı viza qadağaları və yeni sanksiyalar tətbiq etmək niyyətindədir.
Rubio öz bəyanatında BCM-ni "qlobal tribunal" adlandırıb və bildirib ki, onun əməkdaşları demək olar ki, məhdudiyyətsiz səlahiyyətlərə iddia edirlər.
ABŞ dövlət katibi bildirib: "Beynəlxalq Cinayət Məhkəməsi və onun müttəfiqləri ölkəmizə qarşı müharibə aparırlar – güllə və ya raketlərlə deyil, qanunlar, beynəlxalq sazişlər və "beynəlxalq hüquq" adlanan anlayışın gücü ilə".
Onun fikrincə, məhkəmənin fəaliyyəti ABŞ-ın siyasi və hüquqi sistemini təhdid edir, çünki sərhəd xidməti əməkdaşları, Amerika hərbçiləri və prokurorları məhkəmə təqibinə məruz qala bilərlər.
Almaz Həsənli



















































































