NATO 2026 və 2027-ci illərdə Ukraynaya 140 milyard avro ayırmağı planlaşdırır

NATO 2026 və 2027-ci illərdə Ukraynaya 140 milyard avro ayırmağı planlaşdırır

19 İyul 16:18
Bəyəndim (1) Bəyənmədim (0)

Amerikanın Ukraynaya maliyyə ayrılmasını dayandırılması fonunda Şimali Atlantika Alyansı Kiyevi dəstəkləmək üçün genişmiqyaslı öhdəliklər götürür. NATO 2026 və 2027-ci illərdə Ukraynaya 140 milyard avro ayırmağı planlaşdırır.

Oxuməni.az Neue Zürcher Zeitung-a istinadən bu məsələni araşdırıb.

Ankarada keçirilən NATO sammitində 32 Alyans ölkəsi Ukraynaya göstəriləcək maliyyə yardımi ilə bağlı rəsmi rəqəm açıqladı. Belə ki, NATO-ya üzv ölkələr 2026-cı ildə Ukraynaya hərbi texnika, əsgər təlimi və strateji dəstək üçün 70 milyard avro ayırmağı planlaşdırıblar.

Donald Trampın Ukraynaya birbaşa maliyyələşdirməni dayandırmasından sonra adı çəkilən ölkəyə göstəriləcək əlavə maliyyə yardımlarının əsas ağırlığı avropalıların çiyinlərinə düşüb.

Nəticə etibarilə, Avropa ölkələri Ukraynaya maliyyə yardımını təmin etmək üçün əlavə vəsait tapmalıdırlar. Bu isə NZZ-nin qeyd etdiyi kimi Ukraynaya göstəriləcək əlavə maliyyə yardımlarının "ədalətli bölgüsündən" asılıdır, lakin bu məsələdə tərəflər arasında əhəmiyyətli fikir ayrılıqları var.

Yardımın coğrafiyası qeyri-bərabərdir. Almaniya və Böyük Britaniya bu məsələdə qətiyyətlə liderlik edirlər. Kiel Dünya İqtisadiyyatı İnstitutuna görə, Ukraynaya göstərilən maliyyə yardımlarının həcmi hazırda aşağıdakı kimidir:

  • Almaniya 2026-cı il büdcəsində 11,5 milyard avro ayırıb.
  • Birləşmiş Krallıq təxminən 4,4 milyard avro töhfə verəcək.
  • Norveç Ukraynaya 7,6 milyard avro (bunun 80%-i silahlar üçündür) ayırıb.
  • Danimarka və Niderland da Ukrayanaya göstəriləcək maliyyə yardımları məsələsində etibarlı tərəfdaş olaraq qalır.

Bununla belə Ukraynaya əlavə maliyyə yardımlarının ayrılması məsələsində Fransa, İtaliya və İspaniya tərəddüd edirlər. Bu da NATO daxilində gərginliyə səbəb olur.

Aprelin sonuna qədər Ukraynaya ayrılan maliyyə yardımlarının həcmi faktiki olaraq təxminən 10 milyard avro təşkil edib. Əgər vəziyyət belə davam etsə, müttəfiqlər ilin sonuna qədər vəd edilmiş 70 milyard avro əvəzinə Ukraynaya cəmisi 30 milyard avroluq maliyyə yardımı göstərə biləcəklər. Bu isə bu il göstərilməsi nəzərdə tutulan maliyyə yardımlarının yarısından belə azdır.

Beləliklə, Kiel İnstitutunun məsələ ilə bağlı araşdırmaları göstərir ki, müttəfiqlərin Ukraynaya maliyyyə yardımları ilə bağlı vədləri yerinə yetirilməyəcək və bu da adı çəkilən məsələdə acınacaqlı vəziyyətin ortada olduğunu göstərir.

Yeri gəlmişkən xatırladaq ki, dörd il yarım davam edən müharibə ərzində Avropa qurumları və ölkələri Ukraynaya 400 milyard avro maliyyə yardımı göstərməyi vəd etmişdilər. Lakin Kiyev vəd edilmiş bu məbləğin yarısından az hissəsini, cəmi 180 milyard avro alıb. Bütün bunlar da Avropa ölkələrinin iki il ərzində Ukraynaya 170 milyard avro maliyyə yardımı göstərə bilməsinin inandırıcı olmadığını göstərir.

Əziz Mustafa