Haaretz: İsrail hakimiyyəti Azərbaycanın təzyiqi ilə qondarma "erməni soyqırımı" məsələsini səsverməyə çıxarmayıb
Qondarma "erməni soyqırımı"nın tanınması məsələsi Azərbaycan tərəfindən göstərilən təzyiqlər səbəbindən İsrail Knessetində səsverməyə çıxarılmayıb. Oxuməni. az xəbər verir ki, bu barədə "Haaretz" qəzeti mənbəyə istinadən məlumat yayıb.
Qəzetin məlumatına görə, İsrailin Baş naziri Binyamin Netanyahu Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Hikmət Hacıyevin hökumət başçısının dəftərxanası ilə əlaqə saxlamasından sonra səsverməni bloklayıb.
"Haaretz" iddia edir ki, İsrail hökuməti artıq Azərbaycan rəsmilərinə məsələnin parlamentin gündəliyindən çıxarıldığını bildirib.
Məsələ ilə bağlı səsvermə təşəbbüsü ilə çıxış edən İsrailin Xarici İşlər naziri Gideon Saarın ofisi səsvermənin Netanyahunun müdaxiləsi nəticəsində ləğv edildiyi barədə məlumatı təkzib edib, lakin jurnalistlərə məsələnin niyə Knessetdə müzakirəyə çıxarılmadığına dair alternativ izahat verməyib.
Xatırladaq ki, iyunun 28-də İsrail hökuməti Saarın Osmanlı İmperiyasının son illərində törədildiyi iddia edilən qondarma "erməni soyqırımı"nın tanınması ilə bağlı təklifini yekdilliklə bəyənmişdi. Bundan sonra hökumət Knesseti məlumatlandırmalı və məsələni plenar iclasın təsdiqinə çıxarmalı idi.
Azərbaycan İsrail hakimiyyətinin qondarma "erməni soyqırımı"nı tanımaq qərarını tənqid edib.
Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir: "Bu kimi addımlar barışığa və qarşılıqlı anlaşmaya deyil, mövcud ziddiyyətlərin daha da dərinləşməsinə xidmət edir, regionda davamlı sülh və barışıq səylərinə mane olur. Biz İsrail hökumətini qəbul etdiyi qərarı yenidən nəzərdən keçirməyə çağırırıq".
Təşəbbüsün irəlilədilməsinə qarşı, həmçinin Knesset deputatlarına müraciət ünvanlayan Azərbaycanın ən böyük yəhudi icmalarının nümayəndələri də çıxış ediblər.
Almaz Həsənli



















































































