Pink Floyd-un nağaraçısının McLaren superkarı dünyanın ən bahalısı ola bilər

Pink Floyd-un nağaraçısının McLaren superkarı dünyanın ən bahalısı ola bilər

12:22
Bəyəndim (1) Bəyənmədim (0)

Avqust ayında RM Sotheby’s hərracında 1996-cı il istehsalı olan McLaren F1 GTR superkarı satışa çıxarılacaq. Oxuməni. az xəbər verir ki, bu, RM Sotheby’s hərrac evinin veb saytında elan edilib.

Bu avtomobil modelin dünyadakı ən bahalı nüsxələrindən birinə çevrilə bilər. Yeganə özəl sahibi Pink Floyd qrupunun nağaraçısı Nik Meyson olan avtomobilin dəyəri 35 milyon dollar qiymətləndirilir.

Şassi nömrəsi 10R olan superkar, 1996-cı il yarış mövsümü üçün GTR spesifikasiyası ilə hazırlanan ilk McLaren F1 nüsxəsidir. Həmin il bu cür cəmi doqquz avtomobil istehsal edilmişdi. Bu avtomobil McLaren şirkəti tərəfindən Le-Manın sutkalıq marafonunun təsnifat mərhələsində istifadə olunub, lakin yarışın özündə iştirak etməyib.

Daha sonra pop-art üslubunda rənglənən superkar McLaren-in mülkiyyətində qalıb və reklam tədbirlərində istifadə olunub. 1999-cu ildə isə ümumi istifadədə olan yollarda idarə edilməsi üçün yenidən təchiz olunaraq Nik Meysona satılıb. Musiqiçi avtomobil kolleksiyası yığmağa hələ Pink Floyd-da məşhurlaşmazdan çox əvvəl başlayıb. Sonradan onun qarajında Ferrari 250 GTO, Maserati 250F, Bugatti Type 35, Jaguar D-Type və Porsche 962 kimi avtomobillər yer alıb.

Bu F1 GTR-in tarixində bir neçə insident olub (onlardan birində superkarı idarə edən jurnalist qəzaya uğrayıb), lakin avtomobil daim tanınmış Lanzante emalatxanasında diqqətlə bərpa edilib və texniki baxışdan keçirilib.

Almaz Həsənli