ABŞ Səudiyyə Ərəbistanı ilə nüvə enerjisi sahəsində saziş imzalayıb
ABŞ Səudiyyə Ərəbistanına dinc atom proqramının inkişafında dəstək vermək niyyətindədir.
Bununla bağlı uzunmüddətli saziş Vaşinqtonda iki ölkənin energetika nazirləri Kris Rayt və Əbdüləziz ibn Salman tərəfindən imzalanıb. Oxuməni.az xəbər verir ki, bu barədə çərşənbə günü ABŞ Energetika Nazirliyi məlumat yayıb.
Mətbuat xidmətinin məlumatına görə, razılaşma çərçivəsində Amerika şirkətləri Səudiyyə Ərəbistanının nüvə proqramının inkişafında iştirak edə biləcəklər ki, bu da "Amerika sənayesinə, işçilərinə və təchizat zəncirlərinə fayda verəcək, həmçinin Səudiyyə Ərəbistanının enerji tələbatını ödəməyə imkan yaradacaq". Sənəddə qeyd olunur ki, tərəflər həmçinin zəmanətlərlə bağlı əlavə ikitərəfli saziş də imzalayıblar.
Kris Rayt əmin edib ki, "bu sazişlər nüvə təhlükəsizliyi və yayılmama rejiminin ən yüksək standartlarına cavab verir və dünyanın ən yaxşı nüvə texnologiyalarına əsaslanır". Qeyd olunur ki, ABŞ-ın köməyi ilə Yaxın Şərq krallığının dinc atom proqramının inkişafına dair ABŞ və Səudiyyə Ərəbistanı arasındakı saziş indi baxılması üçün ABŞ Konqresinə göndəriləcək.
Bununla belə, "Reuters" agentliyinin qeyd etdiyi kimi, sazişin Konqresdə təsdiqlənməsinə zəmanət verilmir. Çünki bir çox konqresmenlər, xüsusən də ABŞ və İsrailin İrana qarşı müharibəsi fonunda, siyasi cəhətdən qeyri-sabit Yaxın Şərq regionu ölkələrinə nüvə texnologiyalarının ötürülməsini dəstəkləmir.
"Bundan əlavə, nüvə texnologiyalarından hərbi məqsədlər üçün sui-istifadə hallarının qarşısını almaq üçün beynəlxalq müfəttişlərin obyektlərə hansı dərəcədə çıxış əldə edəcəkləri əvvəlcə aydın deyildi", - deyə "Reuters" bildirib.
Daha əvvəl "The Wall Street Journal" qəzeti sazişin məbləğinin milyardlarla dollarla ölçüldüyünü xəbər vermişdi. Saziş 30 il müddətində qüvvədə olmalı və Amerika müəssisələrinə Səudiyyə Ərəbistanının nüvə infrastrukturunun yaradılmasında əsas rol oynamağa imkan verməlidir; bu zaman xarici rəqiblərin layihələrə çıxışı məhdudlaşdırılacaq.
WSJ-nin məlumatına görə, Səudiyyə Ərəbistanı ərazisində uranın zənginləşdirilməsi qurğusunun tikintisi də nəzərdə tutulur.
Almaz Həsənli

















.jpg-2.jpg)

























.jpg)







































